BAKI, 16 may. TELEQRAF
Hindistan Pakistana qarşı “Sindur” əməliyyatını başa çatdırmayıb.
Teleqraf xəbər verir ki, bunu Hindistan müdafiə naziri Racnat Sinq deyib.
“Sindur” əməliyyatı hələ başa çatmayıb. İndiyə qədər baş verənlərin hamısı sadəcə bir anonsdur. Doğru an gələndə bütün mənzərəni dünyaya göstərəcəyik”, - nazir bildirib.
Racnat Sinq qeyd edib ki, Hindistan Pakistana sınaq müddəti verib:
“Əgər onun davranışı yaxşılaşarsa, o zaman yaxşı olacaq, əks halda, ciddi şəkildə cəzalandırılacaq”.
Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlisinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham edərkən, Pakistan bunu qəti şəkildə rədd edib.
Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib. Pakistan Hindistanın mayın 10-dakı hərbi zərbələrinə də sərt şəkildə cavab verib.
Hindistan Pakistana qarşı hava kampaniyasını “Sindur” əməliyyatı adlandırmışdı.