BAKI, 21 aprel. TELEQRAF

Ukrayna Rusiya tərəfdə savaşan Çin vətəndaşlarını əsir götürdükdən sonra Kiyevlə Pekin arasındakı münasibətlərdə gərginlik yaranıb. Halbuki müharibənin davam etdiyi müddətdə Kiyevlə Pekin arasında sabit dialoq mövcud olub. Ancaq çinli hərbçilərin əsir götürülməsindən sonra durum dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Ukrayna Rusiya ordusunda təxminən 160 Çin vətəndaşının olduğunu iddia edir:

“Ukrayna Prezidenti Volodimir Zelenski Pekinin məsələyə münasibət bildirməsini istəyib. Pekin Kiyevin iddialarının əsassız olduğunu bildirib. Buna baxmayaraq, Çin Xarici İşlər Nazirliyinin açıqlamasında vətəndaşlarına üçüncü ölkələrdəki müharibələrdən uzaq dayanmağı məsləhət görüb. Bunun özü göstərir ki, Pekin vətəndaşlarının müharibədə iştirakını istisna etməyib.

Mövzu ətrafında müzakirələr davam edərkən, Ukrayna-Çin münasibətlərində yeni gərginlik ocağı yaranıb. “Reuters”in məlumatına görə, Ukrayna Çinin 3 şirkətinə qarşı sanskiya tətbiq etmək qərarı verib. Zelenski Çinin həmin 3 şirkətinin Rusiya Silahlı Qüvvələrini hərbi baxımdan təhcizat etməkdə ittiham edib. Çinin həmin şirkətlərinə Ukraynada fəaliyyət göstərmək qadağan olunub.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian Kiyevin ittihamlarını əsassız adlandırıb. Onun sözlərinə görə, Pekin Rusiya-Ukrayna müharibəsinin davam etdiyi müddətdə tərəflərdən heç birinə silah-sursat göndərməyib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da Kiyevin itthamlarını təkzib edib. Peskov Çini Rusiyanın strateji tərəfdaşı adlandırmaqla yanaşı, Pekinin neytral mövqedə dayandığını xatırladıb”.

Təhlildə vurğulanır ki, təkziblərə baxmayaraq, Kiyev ittihamlarının əsaslı olduğu qənaətindədir:

“Çin şirkətlərinin Rusiyanın münaqişədə istifadə etdiyi “İskəndər” raketlərinin istehsalına kömək etdiyi güman edilir. Kiyev Rusiyanın həmin raketlərlə Ukraynanın Xarkov şəhərinə zərbələr endirdiyini açıqlayıb. Moskva Qərb ölkələrini Ukraynaya hərbi dəstəklə bağlı sərt tənqid etsə də, özü bu müharibədə İran, Şimali Koreya və Çinin imkanlarından istifadə edir”.