BAKI, 20 noyabr. TELEQRAF
ABŞ fevralın sonundan etibarən İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 48,3 milyard dollar xərcləyib.
Teleqraf xəbər verir ki, bu barədə “The Independent” nəşri Pentaqonun büdcə məsələləri üzrə nümayəndəsi Artur Millerin Senatın Silahlı Qüvvələr Komitəsindəki çıxışına istinadən məlumat yayıb.
Miller bildirib ki, noyabrın 13-nə olan məlumata əsasən, hərbi əməliyyatların ümumi dəyəri 48,3 milyard dollara çatıb.
Bu məbləğə döyüş sursatlarının alınması, hərbi texnikanın əvəzlənməsi və əməliyyatların keçirilməsi ilə bağlı xərclər daxildir.
Dinləmələr zamanı demokrat senator Riçard Blumental ABŞ-nin hərbi obyektlərinə dəymiş ziyanın məbləği ilə də maraqlanıb. Lakin Pentaqon nümayəndəsi hələlik bu barədə məlumatının olmadığını bildirib.
Bundan əvvəl “Axios” nəşri Tramp administrasiyasının İrana qarşı mümkün yeni zərbələrə Tehranın cavabından ehtiyatlandığını və kəşfiyyat qurumlarına İranın mümkün reaksiyasını araşdırmağı tapşırdığını yazıb.