LƏNKƏRAN, 19 noyabr. TELEQRAF
Lənkəranda dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Separadi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Şağlaser kənd sakini, 2008-ci il təvəllüdlü Mirmehdi Hüseynovun idarə etdiyi “Qazel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə əvvəlcə yolda dayanan “Mercedes” markalı avtomobilə, daha sonra “VAZ-21099” və “VAZ-2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Ardınca avtomobil yol kənarındakı beton elektrik dirəyinə dəyib.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin ümumilikdə 6 minə yaxın sakini işıqsız qalıb.
İlkin ehtimala görə, qəzaya “Qazel” markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.