BAKI, 20 noyabr. TELEQRAF

Gürcüstan xilasediciləri Tbilisinin Poniçala rayonunda baş verən qaz partlayışından sonra uçmuş binanın dağıntıları altından həlak olan sonuncu şəxsin cəsədini tapıblar.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Daxili İşlər naziri Sulxan Tamazaşvili bildirib.

"Xilasetmə əməliyyatları əsasən başa çatıb. Xilasedicilər gün ərzində ümumilikdə beş nəfəri tibb müəssisələrinə köçürdülər, onlardan biri ağır vəziyyətdədir. Günortadan sonra dağıntılar altından biri uşaq olmaqla altı nəfərin cəsədi çıxarılıb", - Tamazaşvili qeyd edib.

Cümə axşamı səhər Poniçalada binada partlayış baş verib. İlkin məlumatlara görə, hadisəyə mənzillərdən birində qaz sızması səbəb olub.