BAKI, 14 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Texas ştatında ölüm hökmünə məhkum edilmiş hərbi psixiatr Nidal Həsənin edamının canlı yayımlanmasından imtina etməyi nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Tramp Pentaqon rəhbəri Pit Heqsetin Fort-Hud hərbi bazasında kütləvi qətldə təqsirli bilinən Həsənin edamını ictimaiyyətə açıq şəkildə həyata keçirmək qərarından əvvəlcədən xəbərdar olmayıb.
Heqsetin açıqlamasından sonra ABŞ Prezidenti müşavirlərindən edamın canlı yayımının necə təşkil ediləcəyini soruşub.
Müzakirələr zamanı Trampa Həsənin saxlanılarkən aldığı güllə yaraları nəticəsində beldən aşağı iflic olduğu və əlil arabasından istifadə etdiyi bildirilib.
CNN-in məlumatına görə, ABŞ lideri edam görüntülərinin terror təşkilatları tərəfindən təbliğat məqsədilə istifadə olunmasından da narahatdır. Tramp hesab edir ki, Həsənin ictimaiyyət qarşısında güllələnməsi həmin qruplaşmaların onu şəhid kimi təqdim etməsinə şərait yarada bilər.
Edamın dekabrın 3-də Fort-Hud hərbi bazasında həyata keçirilməsi planlaşdırılır.
Bu, ABŞ-də son 65 ildə hərbi qulluqçu barəsində icra edilən ilk ölüm hökmü ola bilər. Bundan əvvəl 1961-ci ildə 11 yaşlı qıza qarşı zorlamada və qətlə cəhddə təqsirini etiraf edən sıravi hərbçi Con Bennet asılaraq edam edilmişdi.
CNN-in məlumatına əsasən, Həsənin edamı həm də İkinci Dünya müharibəsindən sonra ABŞ-də güllələnmə yolu ilə həyata keçirilən ilk edam olacaq.
Xatırladaq ki, Nidal Həsən 2009-cu il noyabrın 5-də Fort-Hud hərbi bazasının tibb korpusunda silahsız hərbçilərə atəş açıb. Hücum nəticəsində 13 nəfər həlak olub, 32 nəfər yaralanıb.
2013-cü ilin avqustunda hərbi məhkəmənin andlılar heyəti yekdilliklə Həsən barəsində ölüm hökmü çıxarıb. Məhkəmə prosesində özünü müdafiə edən Həsən günahsızlığını sübut etməyə çalışmayıb.