BAKI, 18 noyabr. TELEQRAF
"Kipr türk xalqının azadlıq, varlıq və öz gələcəyini müəyyən etmək uğrunda mübarizəsinin ən mühüm əsəri, suverenliyimizin və müstəqilliyimizin ən güclü ifadəsi olan Şimali Kipr Türk Respublikasının (ŞKTR) yaradılmasının 43-cü ildönümünü hər il olduğu kimi, bu il də qardaş Azərbaycanda sizin kimi dəyərli qonaqlarla birlikdə qeyd etməyin qürur və sevincini yaşayırıq".
Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer ölkəsinin müstəqilliyinin 43-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Diplomat Azərbaycanı 17 Noyabr – Milli Dirçəliş Gününü təbrik edib:
"Milli dirçəliş ruhu ilə 38 il əvvəl müstəqilliyə doğru yürüyən və Qarabağda şanlı Zəfər qazanan bütün azərbaycanlı qardaşlarımızın 17 Noyabr – Milli Dirçəliş Gününü təbrik edirəm".
"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında vahid yumruq kimi birləşən qardaş Azərbaycan xalqını və qəhrəman Azərbaycan Ordusunu altıncı ildönümünü qeyd etdiyimiz 8 Noyabr – Şanlı Qarabağ Zəfəri münasibətilə Kipr türk xalqı adından bir daha ürəkdən təbrik edirik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparan, Vətən torpağı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyirəm.
Türk dünyasının qopmaz bir parçası olan Şimali Kipr Türk Respublikası ilə qardaş Azərbaycan arasındakı müstəsna münasibətlər çərçivəsində ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, ticarət, turizm, səhiyyə və ali təhsil sahələrində əlaqələr gündən-günə inkişaf edir və genişlənir.
Bu çərçivədə il ərzində bir çox rəsmi nümayəndə heyətimiz Azərbaycana səfər edərək qardaş Azərbaycanı yaxından tanımaq imkanı əldə etmişdir. İki ölkə arasındakı münasibətlərdə əldə olunan dinamika Prezident İlham Əliyevin Kipr türk xalqına göstərdiyi dəstəyin konkret təzahürü və Kipr türk xalqının haqlı mübarizəsinə verilən güclü mesajdır.
Prezident İlham Əliyevin “Türk dünyasından başqa ailəmiz yoxdur” sözləri bütün türk dünyasının birliyi və həmrəyliyinin davamlılığı baxımından dəyərli yol xəritəsidir",-deyə U.Turganer əlavə edib.
Diplomat bildirib ki, 1960-cı ildə beynəlxalq müqavilələrə uyğun olaraq adanın iki xalqı – Kipr türkləri və Kipr yunanları arasında tərəfdaşlıq prinsipi, iki xalqın bərabər siyasi hüquq və statusu əsasında “Kipr Respublikası” yaradılıb: "Kipr türkləri 1983-cü ildə yaratdıqları dövlətlə azlıq kimi yaşamağı qəbul etməyəcəklərini, suverenlik və müstəqilliklərindən vaz keçməyəcəklərini dünyaya bəyan ediblər. İllərlə davam edən hücumlar, təhdidlər və kütləvi qırğınlarla yox edilmək istənilən Kipr türk xalqı müstəqillik mübarizəsi nəticəsində böyük bədəllər ödəyərək öz azad iradəsi ilə dövlətini qurub.
Kipr türk xalqı Kipr adasında özündən qaynaqlanan hüquqlarını, suverenliyini və mövcudluğunu qorumaq məqsədilə 60 ildən artıqdır ki, mübarizə aparır.
Şimali Kipr Türk Respublikası demokratik, dünyəvi və müasir institutları ilə kök salır, beynəlxalq ictimaiyyətin Kipr türk xalqına uzun illərdir tətbiq etdiyi haqsız və qeyri-insani embarqo və təcridlərə baxmayaraq, xalqımızın iradəsi və Türkiyə Cümhuriyyətinin dəstəyi ilə inkişafını, güclənməsini və tərəqqisini davam etdirir".