BAKI, 18 noyabr. TELEQRAF
Kipr türk xalqı 43 il əvvəl, noyabrın 15-də Şimali Kipr Türk Respublikasının müstəqilliyini bəyan edib və həmin tarixdən etibarən adada sülh və sabitlik bərqərar olub.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 43-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
O bildirib ki, müstəqilliyin elan edilməsindən ötən 43 il ərzində Kipr türkləri Qərb dövlətlərinin ikili standartlara əsaslanan ayrı-seçkilik siyasəti ilə üzləşməkdə davam edirlər.
C.Feyziyev qeyd edib ki, onilliklər ərzində həyata keçirilən siyasi və iqtisadi təcrid siyasəti Kipr türk xalqının siyasi iradəsini və müstəqillik ideallarını sarsıda bilməyib:
"Bu gün qardaş Türkiyə Respublikasının qətiyyətli və davamlı dəstəyi ilə inkişaf edən Şimali Kipr Türk Respublikası öz vətəndaşları üçün təhlükəsiz və layiqli həyat şəraitini təmin etməklə adada sabitliyə töhfə vermək bacarığını bütün dünyaya nümayiş etdirməkdədir".
İşçi qrupunun fəaliyyətindən danışan deputat bildirib ki, qurum iki ölkənin dövlət strukturları, özəl biznes dairələri və vətəndaş cəmiyyətləri arasında siyasi-iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafına töhfə verir.
Onun sözlərinə görə, son illərdə genişlənən ikitərəfli münasibətlər təhsil, mədəniyyət, turizm və kənd təsərrüfatı da daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın inkişafına şərait yaradıb.
C.Feyziyev vurğulayıb ki, ötən il Şimali Kipr universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı iki dəfə artaraq 1000 nəfərə çatıb. Bundan başqa, onlarla azərbaycanlı alim Şimali Kiprin ali təhsil və akademik müəssisələrində fəaliyyət göstərir.
Deputatın sözlərinə görə, hazırda Şimali Kipr Türk Respublikasında ortaq sərmayə əsasında yaradılmış 36 birgə müəssisə fəaliyyət göstərir: "Son bir ildə Azərbaycandan Şimali Kiprə əmək miqrasiyası da artıb, 1000-dən çox Azərbaycan vətəndaşı Şimali Kiprdə vətəndaşlıq statusu əldə edib. Onlar hazırda turizm, səhiyyə, təhsil və xidmət sahələrində çalışırlar".