BAKI, 13 avqust. TELEQRAF

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) analitikləri ötən ay Türkiyədən yola düşərkən Prezident Donald Trampın təyyarəsini gizli şəkildə dəyişməsinə səbəb olan İranın mümkün sui-qəsd planı barədə İsrail kəşfiyyatının məlumatlarına dair Ağ Evə şübhələrini bildiriblər. MKİ təhlükə barədə məlumat versə də, qurumun analitikləri bunu inandırıcı hesab etməyiblər.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” kəşfiyyat məlumatlarından xəbərdar olan hazırkı və keçmiş ABŞ rəsmilərinə istinadla bildirib.

Qəzetə danışan rəsmilərdən biri bu məlumatı “İsrail mənbəli, ABŞ tərəfindən əldə edilməmiş və etibarlılıq səviyyəsi aşağı olan informasiya” kimi qiymətləndirib. Digər rəsmi isə deyib: “Bu prezidentlə bağlı üç dəfə təhlükəli insident yaşanıb, ona görə də Məxfi Xidmət heç bir riskə getmir. Onlar etməli olduqlarını etdilər”.

Bəzi rəsmilərin fikrincə, hadisə İsrailin kəşfiyyat məlumatlarının Trampın qərarlarına təsir göstərmək tendensiyasına uyğun gəlir. Həmin keçmiş rəsmi qeyd edib ki, onun əldə etdiyi məlumata görə, ABŞ dövlət katibi Marko Rubio bu kəşfiyyat məlumatı barədə bilgili olsa da, “təhlükə” altında olduğu bildirilən təyyarə ilə uçmağa üstünlük verib. Bu isə onun həmin təyyarənin təhlükəsiz olduğuna müəyyən dərəcədə əmin olduğunu göstərir.

Ağ Ev bu məlumatla bağlı birbaşa şərh verməkdən imtina etsə də, ABŞ-nin adı açıqlanmayan rəsmilərindən biri qəzetə söyləyib:

“Prezidentin də dediyi kimi, həyatına qarşı İrandan çoxsaylı təhdidlər olub və onun təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülür. ABŞ Məxfi Xidmətinin əsas vəzifəsi prezidentin mühafizəsidir və bunu da təmin etdi”.

Ötən ay NATO sammitindən sonra ölkəsinə qayıdarkən, Donald Tramp Ankara hava limanında İranın mümkün hücumu təhlükəsi səbəbindən gizli şəkildə ABŞ Prezidentinin xidməti “Air Force One” təyyarəsindən hərbi təyyarəyə keçirilib. “The Wall Street Journal” yazıb ki, təhlükə barədə kəşfiyyat məlumatını İsrail təqdim edib. Həmin məlumatda İranın Trampın təyyarəsini zenit-raket kompleksi ilə vurmağı planlaşdırdığı bildirilib.

“The New York Times”un yazdığına görə, ABŞ kəşfiyyatının “Air Force One”ın vurula biləcəyi barədə bir neçə məlumat mənbəyi olub. Bundan başqa, sammitin keçirildiyi ərazidə çiynində raket daşıyan bir şəxsin olması barədə də məlumat daxil olub. İddiaya əsasən, iranlılar Trampın Türkiyənin paytaxtındakı dəqiq yerini, qaldığı otelin hansı mərtəbəsində olduğunu belə müəyyənləşdiriblər. Məlumat ABŞ rəsmilərinə istinadla yayılıb.

İran 2020-ci ildə - Trampın ilk prezidentlik dövründə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandiri general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən bəri ona qarşı sui-qəsd niyyətini açıq şəkildə bəyan edir. ABŞ və İsrailin İrana qarşı bu ilin fevralın 28-də başlayan müharibəsinin ilk günündə ölkənin Ali rəhbəri Əli Xameneinin öldürülməsindən sonra isə təhdidlərin sayı kəskin artıb.