BAKI, 23 iyul. TELEQRAF
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazına gəmilərin giriş-çıxışı üzərində tam nəzarəti ələ keçirdiyi iddialarını təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə komandanlığın X hesabında bildirilib.
“İran Hörmüz boğazına nəzarət etmir. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təhdidlərindən asılı olmayaraq, beynəlxalq su yolu tranzit üçün açıqdır. Ticarət gəmiləri ABŞ ordusunun dəstəyi ilə boğazdan istifadə etməyə davam edir. Mayın əvvəlindən bəri ABŞ qüvvələri 900-dən çox gəmiyə kömək edib”, - açıqlamada qeyd olunub.
SEPAH-ın sözçüsü Hüseyn Mohebi bundan əvvəl gəmiçilik şirkətlərini Hörmüz boğazının cənub marşrutlarından istifadənin sularda minalar olduğuna görə təhlükəli olduğu barədə xəbərdar etmişdi.