BAKI, 25 iyun. TELEQRAF

Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ-nin dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə D.Rodriges "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Söhbət zamanı ABŞ dövlət katibi Venesuela xalqına başsağlığı verərək, ölkəsinin həmrəyliyini və dəstəyini ifadə edib.

M.Rubio daha əvvəl rəsmi Vaşinqtonun Venesuelaya axtarış-xilasetmə qrupları, tibbi ləvazimatlar və humanitar yardım göndərmək qərarına gəldiyini açıqlayıb.

Xatırladaq ki, çərşənbə günü axşam saatlarında Venesuelanın Yaracuy ştatında episentrləri bir-birindən 10 kilometr aralıda yerləşən 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox insan xəsarət alıb, onlarla bina uçub.