BAKI, 14 avqust. TELEQRAF
Kreml Alyaska sammitindən Rusiyanı ABŞ-yə bərabər dünya gücü, Vladimir Putini isə Donald Trampa bərabər lider kimi layihələndirmək üçün istifadə edir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Qeyd olunur ki, avqustun 13-də Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ, Böyük Britaniya və SSRİ arasında 1945-ci ildə keçirilmiş Yalta konfransına işarə edib. O, Yalta konfransının İkinci Dünya müharibəsində qalib gəldiyini, Putin və Trampın da eyni şəkildə Üçüncü Dünya müharibəsinin qarşısını aldığını bildirib.
Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Aleksey Çepa da Alyaska sammiti ilə Yalta konfransı arasında müqayisələr aparıb.
Krımın qondarma rəhbəri Sergey Aksyonov isə bəyan edib ki, Tramp “yeni Yalta sülhü”nə dair razılığa gəlmək üçün Krıma səfər etməlidir.
Bir sıra Rusiya KİV-ləri Alyaska sammitini Yaltaya bənzədib və “qlobal proseslərə real təsiri olan insanlar”ın Alyaskada danışıqlar masası arxasına əyləşəcəyini yazıb.
ISW ekspertlərinin fikrincə, Moskvanın Alyaska sammiti ilə Yalta konfransı arasında apardığı müqayisələr ABŞ və Rusiya arasında güc balanssızlığını gizlətmək və Rusiyanı olduğundan daha güclü diplomatik, hərbi və iqtisadi mövqeyə malik ölkə kimi təqdim etməklə bağlıdır.
Analitiklər hesab edirlər ki, Rusiya artıq Trampla Putinin görüş faktını özünün qələbəsi kimi qələmə verməyə, eləcə də Rusiyanın ABŞ-nin bərabərhüquqlu tərəfdaşı olması görüntüsünü yaratmağa çalışır.
ABŞ institutu iki görüş arasındakı müqayisəni yanlış hesab edir: “1945-ci il Yalta konfransı müharibədən sonrakı Avropaya dair sazişin imzalanması ilə başa çatdı, Tramp və digər ABŞ rəsmiləri dəfələrlə bəyan ediblər ki, avqustun 15-də keçiriləcək sammit ABŞ və Rusiya arasında Ukraynada müharibənin dayandırılması ilə bağlı hər hansı razılaşmaya gətirib çıxarmayacaq”.
Qeyd edək ki, Yalta konfransının (4–11 fevral 1945) nəticələri əsasən İkinci Dünya müharibəsinin son mərhələsini və müharibədən sonrakı dünya düzənini müəyyənləşdirdi. Konfrans ABŞ (Franklin Ruzvelt), SSRİ (İosif Stalin) və Böyük Britaniya (Uinston Çörçill) liderlərinin iştirakı ilə baş tutmuşdu. Bundan sonra Avropada bir sıra ölkələrin sərhədləri dəyişdirilmiş, Almaniya iki yerə bölünmüşdü.