Əminə Əmirxanlı,
Səbail rayonu 7 saylı məktəbin XI sinif şagirdi
XI sinifi bitirməyin belə hisslər verəcəyini heç vaxt düşünməzdim. Qəribə hissdir. Mənə elə gəlir ki, axı deyəsən bu cür məzun olmurlar, ya da ki, mən hələ məzun olanlara kənardan baxıram. Baxmayaraq ki, bu gün ”Son zəng”imizdir, amma mən hələ də məzun olmaq hissini yaşamır və bu hissi anlamıram.
25 iyun 1997-ci ildə doğulmuşam. Mən anadan olandan 2 ay sonra qardaşım birinci sinifə gedib. Yadımdadır ki, hər dəfə qardaşım sevinclə “5” aldım və ya müəllimə mənə “5” verdi – deyəndə elə düşünürdüm ki, həmin “5” çox ləzzətli bir şirniyyatdır. Hətta dilim söz tutanda qardaşımı məktəbə yola salan zaman “Ceyxun, mənə 5 al cətir ”- də deyirmişəm. Qardaşımla 6 yaş fərqimiz var. Onun məzun olduğu günü də yaxşı xatırlayıram. Həmin gün anamla qadın bərbərinə getdik. Amma qonagımız olduğu üçün evdən bir qədər gec çıxmışdıq. Bərbərdən qurtarıb qardaşıma zəng elədik. O bildirdi ki, tədbir 40 dəqiqədir başlayıb və indilərdə bitəcək. Anam təklif etdi ki,o zaman dondurma yeməyə gedək.
Getdik,amma çox dilxor və əsəbiydim. Qardaşımın “Son Zəng”ində iştirak etmədiyimizi bir növ satqınlıq kimi qiymətləndirmişdim. 4 il sonra İstanbulda tələbə olan qardaşımdan telefonda soruşdum ki,bizim həmin tədbirdə olmamağımızdan inciməmişdi ki? Cavabı eşitdikdən sonra axır ki,bu olayın ağırlıgından qurtuldum.
Dünyada əsas olan şey sənin istəklərindir
Qardaşımla çox yaxın dostuq. Mənim bütün qaygımı demək olar ki, qardaşım çəkib. Ağlım kəsəndən məni həm tərbiyə edib, həm də arxamda durub. Nə etməyimdən asılı olmayaraq məni hər zaman müdafiə etməyi bacaran yeganə insandır. Rəfiqələrimin qardaşlarının qoyduğu qadagaları görəndə anlayıram ki, qardaşım mənə nə qədər azadlıq verib. O mənə izah edib ki, başqalarının fikri vacıb sayılmamalıdır. Dünyada əsas olan şey sənin öz istəklərindir. Nə vaxt ki: “Atanı çox sevirsən,ya ananı?”- soruşuşulanda mən düşünmədən: “Qardaşımı”- demişəm.
Snickers xoşlamıram
Bir dəfə qardaşım məni bağçadan gətirirdi. Adəti idi, həmişə də mənə nəsə alırdı. Həmin gün “Bakuş” adlanan şirniyyat almışdı. Bütün yolu onu əlimdə saxlamışdım ki, hamı görsün necə qardaşım var. Evə girdiyimizdə anam əlimdəkini alıb zibil qutusuna atdı. Qardaşıma da tapşırdı ki,bir də ushaga hər zir-zibili alma. O gündən sonra qardaşım mənə yalnız Snickers alır. Mən də hər dəfə yanındaca açıb yeyirəm. Amma bu günədək hələ də deyə bilməmişəm ki, mən Snickers xoşlamıram.
7 saylı məktəb
Qardaşım Səbail rayonu 7 saylı məktəbdə oxuyub. Məktəb yaşım çatdııgında anam mənim də sənədlərimi həmin məktəbə yazdırdı. Çox sevinirdim ki,qardaşımin təhsil aldığı məktəbdə oxuyacam. Dərslər başlamağa bir neçə gün qalmış eşitdik ki,xalam qızına dərs demiş ibtidai sinif müəlliməm Südabə Həsənova 23 saylı məktəbdə I sinif götürüb. Sənədlərimi 23 sayli məktəbə keçirdilər. İllər keçdi. Elə oldu ki,7 saylı məktəbə qayıtdim. O zaman anladım ki, arzular əvvəl-axır çin olurmuş. Anladım ki, Allah bir zaman arzuladığım məktəbdə oxumağı mənim taleyimə yazıbmış. Sinif yoldaşlarıma heç vaxt bildirmədim ki, ilk dəfə məktəbə adım 11 il öncə bu gün məzun oldugum sinifdə yazılmışdı.
Məktəb illərində nəyi necə öyrəndiklərimi sadəcə xatırlamaga çalışıram. Həyatımda inandığım və təhsildə vacib gördüyüm həqiqətləri yazmağa çalışacam.
Dünyada sənin olan kitab
İbtidai sinifdə oxuduğum illər idi. Anam sual verdi: ”Necə düşünürsən,dünyada nə qədər kitab olar? “Dünyanın nə boyda olmasını, xalqları, ölkələri, kitabların sayını düşünmək istədim. Uşaq ağlımla ifadə edə bilməyəcəyim,amma sonsuz sayda kitab yıgının var olduğunu anladım. Anam izah elədi. Həmin kitablardan yalnız əlinlə işlədiyin kitab sənin olacaq. Əlinlə işləmədiyin kitablardakı biliklırin isə sənə dəxli olmayacaq. Kitablardan mənə lazım olanları araşdırıb yazmagı o gün öyrəndim.
Sonralar neçə məktəb dəyişdim. Amma hər dəfə sinifimizdə bütün dərslərin xülasələrini yazan yeganə şagird idim. Bu illər ərzində onu da öyrəndim ki,oxudugun və istifadə etdiyin kitab özünə məxsusdursa vacib yerləri qələmlə vurğulamaqdan çəkinməməlisən. Beləliklə, “Kitabı yazma”deyilən “tabu”nu pozdum.
Dəftərləri saxlamağın vacibliyi
Dəftərlərim həmişə fərqlənib. Dərslərin başlanması ərəfəsində anam xüsusi dəftərlər seçib alır və cildlənməyə verərdi. Hələ də onlardan sevdiyim dırnaq rənginin qoxusu gəlir. Böyüklüyünə görə dəftərlərim sinif jurnallarını xatırladır. Fərqli böyüklük və qalınlıqdadırlar. Heç vaxt onları atmadım. Dəftərləri məndən istənilən tanışim,dostum alıb,üzünü köçürür, istifadə edib qaytarırdı.
Sinifdən-sinfə keçsəm də, dəftərlərimin əksəriyyətini davam etdirmişəm. Biliklərin necə bir yerə toplandıgınin şahidi olduqca onları öncədən seçib cildlədən anama xüsusi minnətdar idim. Saxladığım dəftərlərdən yalnız ingilis dili lügətim sadə ümumi dəftər olub ki,onun haqqında da ayrıca yazacam.
Yuxarı siniflərdə hansı fənni yeni başladıqsa anam mənə TQDK-nin həmin fənndən abituriyentlər üçün hazırlıq vəsaitini aldı. Bütün fənlərdən dərsləri-yəni mövzuları məktəb dərsliyi ilə yanaşı abituriyentlərin hazırlıq kitabindan da oxuyurdum. Dərsləri belə öyrənmək olduqca asan idi. Orta məktəb dərsliyində açılmayan bütün sualları vəsait yetərincə cavablayır. Hər yeni dərsi hissələrə bölüb 4-5 dəfə oxuyur, vacib yerləri qələmlə işarələyiirdim. Dərsi öyrəndikdən sonra isə işarələdiyim hissəni dəftərimə köçürürdüm. Əməl etdiyim bir qayda da yeni paraqrafı öyrənmədən öncə keçən dərsi təkrarlamaq idi. Həftə sonları isə bütün dəftərimdə olanları təkrarlayırdım. Bu da qaydalardan ən vacib olanıydı. Bu üsul olduqca mükəmməl nəticə verir.
Müəllimlər hər zaman doğrunu söyləmir
Bir neçə müəllimimi həmişə xatırlayacam. Dəqiq fənn müəllimlərimdən biri təsadüfən abituriyent hazırlıq vəsaitindən istifadə etdiyimi gördü və bu kitabın müəllimlər üçün tədris vəsaiti olduğunu söylədi. Bildirdi ki, mən dərsi oradan deyil, elə məktəb dərsliyindən oxusam kifayətdir. Təəccüb içindəydim. Axı elə həmin müəllim liseydə oxuyanlara fərdi hazırlıq keçirdi. Və dəqiq bilirdim ki, o da eynilə mənim kimi həmin bu kitabdan çıxarışlar edir, hazırlığa gələnlərə yazdırır və əzbərlədir. Məktəb dərsliyindən əlavə yazdırdıgı bilgilərin hamısı cümləbəcümlə, sözbəsöz həmin bu vəsaitdən idi. Uşaqların hazırlıq dəftərlərini görməsəydim bəlkə də onun tövsiyəsinə inanacaqdım.
Etiraz etməyi bacarın
Dediyim kimi yalnız dəftərlərimdən biri fərqliydi.Bu,ingilis dili lügətim idi. 23 saylı məktəbdə ingilis dili ibtidai sinifdən tədris edildiyindən onu elə həmin illərndən davam etdirirdim. Əvvəllər bitirdiyim 60 vərəqlik köhnə lügəti anam yeni 100 vərəqlik lügətin sol yuxarı küncunə bərkitmişdi. VI sinifdə sinif rəhbərim olan ingilis dili fənn müəlliməm bir dəfə lügəti əlinə alıb sinifə firlatdı və ikrahla: “Bu nə dəftərdir? Zəhmət çəkib özünə yeni lüğət tutarsan”- söylədi. O an anidən:” Neylədiniz? Orda 2550 söz var.”-deyə etiraz edib səsimi qaldırdım. Gec idi, artıq dəftərlər bir-birindən qopmuşdu. Mənim etirazım bütün sinifi maraqlandırmışdı. Onlar sükütla müəllimimizin nə deycəyini gözləyirdi. Müəllimə yerdən lüğətləri qaldırdı və təkrar vərəqlədi. Hamımız onun öz nəzakətsizliyindən necə can qurtaracagını gözləyirdik. O isə: “Yaxşı al,davam etdir”- deyə sinif qarşısında pörtmüşdü. Daha nə söyləyəcəyini də bilmirdi.
Özümü mənə nümunə göstərirdilər
Rəsmxətt dərsimiz idi. Müəllimimiz ilk dəfə dərsə girmişdi.Sinifimizin uşaqlarını hələ tanımırdı. Deyəsən müəllimlər otagında gedən söhbətin də təsirindəydi. Yeni dərs ilinin başlanması münasibəti ilə bizi təbrik etdi. Bu dərs ilində fərqlənmək üçün elə ilk dərsdən öyüd-nəsihət verməyə başladı: “Yəqin eşitmisiniz ki,yayda bu məktəbdən Amerikaya gedib universitetdə dərs alan yaşıdlarınız var. Uşaq var ki,3 olimpiada birincisidir. Nədən siz də çalışıb bu cür fərqlənməyəsiniz? “Həmişə müəllimin qarşısındakı partada oturduğumdan əlini mənə və yanimda oturan şagirdə tuşladı. “Sənin,ya da sənin ondan nəyiniz əskikdir?”- deyəndə sinifi uğultu bürüdü. Uşaqlar bildirdilər ki, müəllim məni özümə nümunə göstərib.
Müəllimlərlə dost olmaq
İlk dəfə hərbi hazırlıq müəllimi sinifimizə gəlmişdi və jurnaldan adları oxuyurdu. Kimin adını çəkirdisə əsgəri formada şax dayanıb bir addım partadan kənara çıxmalı,soyadı səsləndirib ”Burada”- deməliydin. “Əmirxanlı Əminə”- dediyində partadan qalxdım,kənara çıxıb: ”Əmirxanlı burada”- cavab verdim. Müəllim başını qaldırdı. Məni qarşısında gördüyündə gözləmədiyim gülərüzlüklə: “A dostum,sən burdasan ki.. Dur, tez gəl yanıma.Tez gəl, tez”- deyib tələsdirdi. Lövhəyə çıxdım, əlini çiynimə qoydu: “Mən səninlə öz doğma övladım qədər fəxr edirəm”-söylədi.
Liseydə dərs yükümüz olduqca agır idi. Bizə BDU-nun professor və müəllim heyəti dərs deyirdi. Güclü tələbkarlıq vardı. İmtahanlarda seçmə testlər tərtib olunurdu. Əsas da öncədən bilinmirdi ki,yarımillik bitəndə hansı fənnlərdən imtahan keçiriləcək. Bütün fənnlərdən imtahanlara tam hazırlıqlı olmalıydıq. İl ərzində öyrəndiklərimizi iki dəfə imtahan edirdilər. Buna da uygun olaraq qiymət göstəricilərimiz hər yarım ildə dəyişilirdi. Məni bütün müəllimlər dəstəkləyir,dərs göstəriciləri ilə yaxından maraqlanırdılar. Liseydə ən çox eşitdiyim suallar da: “Dostum,necəsən? Dərsləri çatdırırsan? Əlaçılıqdan düşmədin ki?”-idi.
Ola bilməz?
Xalam qizi təhsil məsələləri ilə bağlı hər anlamda mənə dəstək olub. Məsləhəti, araşdırması, plan qurub istiqaməti müəyyən etməsi sayəsində çox ugurlar qazanmışam. Son dönəmlər hər dəfə məndən tələb edirdi ki, hazırlığımı kitabxanada davam etdirim. Kitabxanaya yazıldım. Doğrudan fərq oldu. Kitabxanada oldugum 2-3 saat ərzində əvvəllər evdə hazırladıgım 8-9 saat həcmindəki qədər dərs çalışmaga başladım. Kitabxanada insan daha az yorulur və daha çox mənimsəyir. Bunun niyə belə olduğunu bilmirəm,əsas odur ki,olur. Öncədən mən də bunu dəfələrlə eşitsəm də dərk edə bilmirdim. Hər şeyi özünüz sınamadan “Ola bilməz!”- söyləməyin.
Tələb etmək kömək etməkdən asandır
Bütün bu illər ərzində bir yəqinliyim də oldu. Dünyanın heç yerində valideynlər övladına “Oxuma!”- söyləmir. Amma təəssuflər olsun ki, çox az valideyn onunla bərabər çalışır. Mənim fikrimcə istedad deyilən bir məfhum demək olar ki, yoxdur. Olduqca savadlı və elmli məktəblilər gördüm. Hansı ki,böyük əksəriyyətinin arxasında valideyn zəhməti dayanırdı.Kimin valideyni uşaqla bərabər çalışıb övladına müstəqil araşdırmalar aparmağı və özünü inkişaf etdirməyi öyrətmişdisə həmin uşaqlar fərqlənir,ugurları da böyük olurdu. Valideyn uşagın dərk etmədiyi mövzunu onunla birlikdə çözməlidir. Hər addımında yanında olmalı:” Get otur və dərslərini oxu!”- deyib tələblə işini bitirməməlidir. Tələb etmək kömək etməkdən qat-qat asandır.