BAKI, 21 may. TELEQRAF

"Yenidənqurma prosesinə başlanması üçün əsas şərtlər maliyyə resurslarının mövcudluğu, sülh və sabitlik mühitinin təmin olunmasıdır".

Teleqraf xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Yalçın Rəfiyev bildirib ki, minalardan təmizlənmə məsələsi artıq beynəlxalq sənədlərdə də humanitar problem kimi təsbit olunub və bu istiqamətdə beynəlxalq ictimaiyyətin birgə səyləri vacibdir.

O, həmçinin iqlim dəyişikliyi, urbanizasiya və miqrasiya kimi qlobal çağırışlar fonunda Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışıb:

“Azərbaycan həm COP29, həm də WUF13 kimi mühüm qlobal tədbirlərə ev sahibliyi etməklə bu sahələr arasında körpü rolunu oynayır. Ölkə çoxşaxəli diplomatiya çərçivəsində müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir və hər iki qlobal tədbirin irsinin qorunması və gələcək inkişaf üçün istifadə olunması istiqamətində fəaliyyətlər davam etdiriləcək”.