BAKI, 21 may. TELEQRAF

"Bərpa prosesinə başlanılması üçün ilkin mərhələdə mina təmizlənməsi və təhlükəsiz mühitin yaradılması əsas şərtlərdən biridir".

Teleqraf xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən WUF13 çərçivəsində “Mənzil böhrandan sonrakı bərpa və yenidənqurmanın əsası kimi” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, münaqişədən sonrakı ərazilərdə infrastrukturun yenidən qurulması üçün ilk növbədə minalardan təmizləmə işləri aparılmalıdır və bu, bütün digər bərpa proseslərinin başlanğıc nöqtəsidir:

“Azərbaycan münaqişədən sonra genişmiqyaslı bərpa və yenidənqurma işlərinə böyük resurslar yönəldib və bu təcrübə beynəlxalq səviyyədə nümunə kimi qiymətləndirilir”.

Yalçın Rəfiyev əlavə edib ki, yenidənqurma yalnız əvvəlki vəziyyətin bərpası deyil, daha dayanıqlı, təhlükəsiz və müasir şəhərsalma standartlarına uyğun inkişafın təmin olunmasıdır.