Şekspir qəhrəmanının həyat prinsipini həll edən məşhur dilemmadan danışmayacağam. “Olum ya ölüm” deyil məsələ. Məsələ hər birimizin ən müxtəlif həyat situasiyalarında rast gəldiyimiz çətin seçim anları, o zaman verdiyimiz qərarlardır. Düzmü qərar veririk? Kim nə zaman necə qərar verir? Bu işdə ölçü meyar, mizan-tərəzi varmı? Hökm verən kimdir?
***
Bütün meqapolislər kimi Bakının da kriminal və kriminal olmayan məhəllələri var. Ərazinin bax bu göstəricisi öncə əhalinin səviyyəsi - maddi, mənəvi, mədəni durumu, sosial vəziyyəti, təhsili ilə və təbii ki, kriminal hadisələr barədə statistik məlumatlarla müəyyən edilir.
Şəhərin kriminal ərazilərindən birində - Binəqədi rayonunda adam öldürülüb. Biri öz evində musiqi dinləyirmiş. Kefinə düşür - musiqinin səsini qaldırır. Bu, qohumunun xoşuna gəlmir. İradını bildirir. Bir az sərt bildirir. Musiqinin təsirində göylərə uçan meloman - çəmkirir qohumunun üstünə - “sözün var adam kimi de”. Cavabını da alıb - “Eşşək özünsən”. Vəssalam şüttamam. Şillə təpik və nəhayət, bıçaq. Bu iki yaxın qohumdan birinin ruhu indi göylərdədi - musiqi tapıb orada dinləməyə, ya yox - Allah bilir. O biri də getdi əlli-ayaqlı - o gedən yerlərdə də çətin musiqi tənzimləməsindən söz gedə. Bax belə. Heç nədən, boş yerə adam ölüb, qan düşüb, iki ailədə faciə baş verib. Səbəb? Sadəcə insanın doğru seçim etmək bacarığının olmaması, dilemma qarşısında məntiqə yox, emosiyaya söykənməsi, düşüncəsinin deyil, hikkəsinin quluna çevrilməsi.
Nədir doğru seçim? Hər kəsin öz baxış bucağı, yəni öz maraqları, öz mənfəəti varsa - doğru olanı necə seçməli. Kompas düzmü işləyir? Kompasın əqrəblərini kimdi istəqamətləndirən?
***
İngilis filosofu Filipp Fut insan psixologiyasını öyrənmək üçün bir sıra eksperimentlər keçirib. Miçiqan universitetində uzun illər bu yöndə araşdırmalar aparıb. İştirakçılara belə tapşırıq verilir. Təsəvvür edin ki, dəmir yolu xəttində yolayrıcıdır. Uzaqdan qatar gəlir. Yol uçuruma gedir - dərənin dibinə. O biri yolda isə relsin üzərində bir uşaq var. Qatar hansı yolla getsin? Öz yoluyla getsə 150 nəfər məhv olacaq. Amma o adamları xilas etmək də olar - bir uşağın ölümünə qol qoysaz. Qərarı siz verməlisiz. Böyük əksəriyyət uşağı qurban verməyə üstünlük verib. Yəni zərərin azını seçiblər. Eyni eksperimenti mən də keçirdim. Özüm. Dostlardan xəbər aldım. Arqumentləri də soruşdum. Uşağın ölümü yolunu seçənlər dedilər, 150 nəfərdənsə bir uşaq həlak olsa yaxşıdı - miqyası göz önünə aldılar yəni. Uşağı xilas edənlərsə “150 nəfərin ölümü - artıq statistikadır, - dedilər, - bir uşağı - göz qabağındakı varlığı isə xilas etmək lazımdı”. Və üçüncü variantı seçənlər də oldu - “Heç nə edə bilmərəm. Sual işarəsinə dönüb yerə çökərəm. Əlimi heç kəsin qanına batıra bilmərəm”. Bir ingilis alimin ağlına gələn bu eksperiment əslində ekstremal şəraitdə insanın seçim etmək qabiliyyətini ortaya qoyur. Biz nəyi seçirik? Doğru olanımı seçirik? Elə qətllər, cinayətlər, qəzalar bəlkə, bu üzdən baş verir?
***
Hədislərdən birində deyilir ki, bir gün bir nəfər Məhəmməd Peyğəmbər (s.ə.s.)-in yanına gəlib deyir ki, “ey Allahın elçisi, mənim üç günahım var. Amma hamısını birdən tərgitmək iqtidarında deyiləm. Yalnız birini tərgidə bilərəm”. Sonra günahlarını sadalayır - deyir - namaz qılmır, zina edir və yalan danışır. Üçü də islam əxlaqına zidd. Peyğəmbər düşünmədən söyləyir - “yalan danışma”. Çünki adam yalan danışmasa günahlarını dilə gətirib özünü ifşa edəcək, bu zaman da məcbur olub bir daha günah etməyəcək.
***
İstənilən seçim anında da yalan danışmayaq. Başqalarını da, özümüzü də aldatmayaq. O yalançı gözə kül üfürmələr, yalnız fotolarda yaşayan saxta xoşbəxtlik görüntüləri, ətrafa, başqalarına hesablanmış nə varsa - hamısından əl çəkək. Özümüzü göstərmək üçün yaşamayaq, yaşamaq üşün yaşayaq. Tənhalıqdan əzab çəkən özümüzü, daxili ehtiyacımızı düşünək. O zaman nə cinayətlər baş alıb gedəcək, nə binəsiblər olacaq. Yetər ki seçim anında - dilemma vaxtı çaşmayaq.