BAKI, 18 mart. TELEQRAF

Rəsmi Vaşinqton ABŞ şirkətlərinə müəyyən şərtlər daxilində Venesuelanın dövlət neft şirkəti Petróleos de Venezuela S.A. (PDVSA) ilə əməliyyatlar aparmağa icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin veb saytında dərc olunmuş ümumi lisenziyada deyilir.

Sənədə əsasən, PDVSA və ya şirkətin birbaşa, eləcə də dolayı yolla sahib olduğu hər hansı bir qurumla əlaqəli əməliyyatlar sanksiyalardan azaddır. Lisenziyada vurğulanır ki,bu cür əməliyyatlar ABŞ qanunvericiliyi ilə tənzimlənməli və onlarla bağlı hər hansı mübahisə ABŞ-da həll edilməlidir. Sanksiya tətbiq edilən qurumlar üçün nəzərdə tutulan bütün ödənişlər xüsusi hesaba köçürülməlidir.

Qeyd edək ki, bu cür əməliyyatlar Venesuela hökumətinin borc öhdəliklərini əhatə etməyəcək. Lisenziya Rusiya, Çin, İran, Şimali Koreya və Kubadakı hüquqi və fiziki şəxslərə, eləcə də onların nəzarəti altında olan qurumlara şamil edilmir.