İstilər ki düşdü - pis qoxuya, tər damlasına, yaş ovuclara, salamlaşarkən qucaqlaşıb öpüşən xanımların nəm sifətlərinə qarşı daha həssas, daha barışmaz, bəzən xəstəhalcasına barışmaz oluram. Qüsur hesab etməyin, məni məzur tutun.

***

Bu mərəz nə mərəzdirsə - artıq qadınlardan kişilərə də keçib, həm də elə keçib ki, adi mərəz yox, lap epidemiya kimi. Adi insanların - dostların, iş yoldaşlarının, qohumların görüşərkən öpüşməsindən danışaq. Normaldırmı, sizcə?

***

Mən kəndi niyə sevmədim? Düzünü deyim? Amma əslən kənddən olanlar inciməsin qoy. Bakıda doğulmuşam - şəhər mühitində. İçərişəhərli nənəm, həm də adi nənə yox, dil-ədəbiyyat müəllimi olan nənəm böyüdüb məni. Ədəb-ərkanı, elmi-mərifəti - nə var ondan öyrənmişəm, elə şəhərə olan sonsuz sevgini də. Anamsa kənd qızı olub. O kəndə bir neçə dəfə getmişəm cəmi, o da toylarda. Qohum toylarına anam məni güc-bəlayla aparardı. Şərtlə gedərdim çünki. Nə şərt? Kənddəki arvadlar məni öpməyəcək.

Bu qədər sadə bir şərt. İndiki kimi yadımdadı. 10-12 yaşım olar - kəndə getmişik. Anamla hansısa A məntəqəsindən B məntəqəsinə gedirik - o yadımda deyil. Amma bir dəstə qara enli paltarlı qadının bizimlə üzbəüz gəldiyi yaxşı yadımdadı. Qadınlar anamı dövrələyib öpüşüb görüşürlər. Yavaş-yavaş anamın arxasına keçirəm. Gizlənirəm guya. Bir əlimlə də anamın ovcunu çimdikləyib "şərtimiz noldu?" deyib donquldanıram. Qara arvadlardan biri məni zorla tutub sifətimi iki ovcunun içinə alır. Daha mənim seçim imkanım da yox. Əsəbimdən titrəyirəm. Xala tərli sifətini sifətimə dayayıb əvvəl bir üzümdən, sonra o biri üzümdən, axırda da alnımın ortasından marçıltıyla öpür. Bu bankalanma mərasimindən necə iyrənirəmsə, arvad əlini üzümdən çəkən kimi hikkəmdən ağlaya-ağlaya qaçıb uzaqlaşıram. (Böyüyüncə xatırlayanda özümə gələ bilmirəm. Elə bil nəsə erotik bir həzz də var o öpüşdə. İnsan ilk gördüyü bir uşağı elə xüsusi ləzzətlə öpə bilməz ki. Lənət şeytana!) Anam camaatın arasında pərt olur - "ay yazıq,- fikirləşir yerliləri, - bir uşağın ola, o da belə ipləmə dəli". Həmin axşam gözümün yaşı qurumur. Səhərəcən ağlayıb anamın zəhləsini tökürəm - "söz vermişdin ki, məni öpməyəcəklər.. " İlahi ədalət axtara-axtara burnundan gətirirəm o toyu.. O ərköyün qızcığaz bir də heç vaxt getmir o kəndə. İndi heç o kənd də yoxdu - bizim üçün yoxdu yəni, işğaldadı, erməni işğalında.

***

Tarixi qaynaqlar xəbər verir ki, insanlar hələ daş dövründən öpüşməyə başlayıblar. Niyəsini də izah edir alimlər - qədim insanların bədənində duz çatışmadığından bir-birini öpüb yalamaqla bu ehtiyacı ödəyərmişlər. Antropoloqların fikrincə, adamlar bir-birini iyləyib tanımaq üçün öpərmişlər. Başqa bir mənbəyə görə, qədim insanlar ağızlarında qida gizlədər və bu ehtiyat qidanı seçib istədikləri adama öpüş vasitəsilə ötürərmişlər - bu da olarmış öpüş. İndi öpüş nədir, nə deyil - bundan danışmayacağam. Bu bəlli. Amma sevən adamları qoyaq bir qırağa. Adi insanların - qadınların qadınlarla, kişilərin kişilərlə, bəzən lap elə qadınların da kişilərlə görüşdüyü zaman öpüşməsi necə, xoşunuza gəlirmi?

***

Bizlərdə qızların, qadınların görüşən zaman öpüşməsi həmişə adət olub. Bu, bir növ doğmalıq göstəricisi kimi sevgi, hörmət, əzizlənmə bildirib. Amma indi bunu da ifrata çatdırmışıq. İş yoldaşları hər gün öpüşüb görüşməlidir bəyəm? Sadəcə başla salam vermək, gülümsəmək kifayət deyilmi?

Zira indi kişilər, cavan oğlanlar da bir-birilə görüşəndə marçıltıyla öpüşürlər. Niyə balam? Bizim axı kişi kimi əl tutmaq ənənəmiz vardı. Hara getdi? Necə oldu ağır, zəhmli kişi təbiəti birdən-birə şit hırıltıya meylli gədə-güdə təbiətinə çevrildi? İldə-ayda bir gördüyünüz dostlarla öpüşsəniz, dərd yarı. Amma gündə-gündə nə öpüşmək? Nə xəbərdi? Axı bəzən sadəcə əl sıxmaqla, mənalı bir baxışla çox və çox yüksək enerji ötürmək olur. Yetər ki, içinizdə bu enerji olsun. Enerjinizi qoruyun. Öpüşməsəniz də olar.