BAKI, 5 oktyabr. TELEQRAF

Ordu başlanmış əməliyyat çərçivəsində Yəmənin bütün vilayətləri üzərində dövlət nəzarətini bərpa etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Yəmən müdafiə nazirinin köməkçisi Samir əs-Səbri bildirib.

O qeyd edib ki, hərbi əməliyyat strateji xarakter daşıyır və məqsədi husilərin silahlı dəstələri üzərində qələbə qazanmaqdır: “Yəmənin bütün vilayətləri üzərində dövlət hakimiyyətini bərpa etməyə çalışırıq”.

Əs-Səbri vurğulayıb ki, əməliyyatların birinci mərhələsində Bab əl-Məndəb boğazı və Moha şəhərinə diqqət yetiriləcək. Müdafiə Nazirliyinin nümayəndəsi deyib ki, hökumət qüvvələri əlaqələndirilmiş əks-hücumlara başlayıb, hakimiyyət isə dövlət nəzarətinin digər əraziləri də əhatə etməsi məqsədilə əməliyyatın tempini sürətləndirmək niyyətindədir.

Yəmən Prezidenti Rəşad əl-Əlimi bu gün paytaxt Səna şəhərinin husilərdən azad edilməsi məqsədilə “Yəmənin Sübhü” adlı genişmiqyaslı hərbi əməliyyatın başlandığını açıqlayıb. Ordu beynəlxalq koalisiyanın aviasiyasının dəstəyi ilə husiləri Zübab rayonundan çıxarıb və Bab əl-Məndəb boğazı üzərində nəzarəti bərpa edib. səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya əməliyyata 100 qırıcı təyyarə cəlb edib və Yəmən ordusunun irəliləyən quru bölmələrinə havadan dəstək verib.