BAKI, 24 oktyabr. TELEQRAF
ABŞ-nin Respublikaçılar və Demokratlar partiyalarından olan bəzi senatorları Ukrayna Silahlı Qüvvələrinin peyk rabitəsinə çıxışının bərpasına təminat verilməyəcəyi təqdirdə, Prezident Donald Trampın dövlət vəzifələrinə irəli sürdüyü namizədlərin təsdiqinə mane olmaqla hədələyiblər.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, senatorlar bu barədə Ağ Evin rəsmilərinə bildiriblər. Onlar administrasiyadan Ukrayna Silahlı Qüvvələrinin peyk rabitəsinə çıxışının bərpa olunacağına dair təminat tələb edirlər.
Qəzet qeyd edir ki, senatorlarla administrasiya arasında fikir ayrılıqları aralıq seçkilərdən sonra daha da kəskinləşə bilər. Respublikaçıların Konqresin yeni tərkibi fəaliyyətə başlamazdan əvvəl Trampın müxtəlif vəzifələrə irəli sürdüyü onlarla namizədin təsdiqinə nail olmağa çalışacağı gözlənilir.
Bundan əvvəl Florida ştatından respublikaçı konqresmen Anna Paulina Luna demokratları Ukrayna münaqişəsinin davam etdirilməsini dəstəkləməkdən imtina etməyə və Trampın münaqişənin həlli istiqamətindəki səylərinə dəstək verməyə çağırıb.