BAKI, 23 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının IX turunda “Zirə” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qartallar”ın qollarını 8-ci dəqiqədə penaltidən Ruan Renato, 21-ci dəqiqədə Rikardo Martins və 83-cü dəqiqədə Davit Volkov vurublar.
“Kimyaçılar”ın heyətində isə Nihad Əhmədzadə 39-cu, Keffel Resende 56-cı dəqiqədə fərqlənib.
Bu nəticədən sonra Rəşad Sadıqovun komandası xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib. “Sumqayıt” isə 8 xalla səkkizinci yerdə qərarlaşıb.
Qeyd edək ki, günün ilk qarşılaşmasında “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.
Turun digər görüşləri oktyabrın 24 və 25-də keçiriləcək.