BAKI, 23 oktyabr. TELEQRAF
Bu gün kişi voleybolçular arasında Super Liqanın 2026–2027-ci illər mövsümünə start verilib.
Azərbaycan Voleybol Federasiyasından Teleqraf-a verilən məlumata görə, GİN-in Voleybol Mərkəzində keçirilən I turun ilk qarşılaşmasında “AZERRAIL” komandası “Gənclər” klubunu 3:0 hesabı ilə məğlub edib. Günün digər oyununda isə “ORDU” komandası “Murov Az Terminal” üzərində eyni hesabla qələbə qazanıb.
I turun növbəti görüşündə “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Qarşılaşma oktyabrın 24-də saat 17:00-da FHN-in idman zalında keçiriləcək.
Qeyd edək ki, kişi voleybolçuların Super Liqasında altı komanda — “Xilasedici”, “ORDU”, “Neftçi”, “Murov Az Terminal”, “AZERRAIL” və “Gənclər” iştirak edirlər. Yarışlar dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq.
İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşacaq komandalar pley-off mərhələsində iştirak hüququ qazanacaqlar.
Super Liqa (kişilər)
Oyunların nəticəsi
I tur
23 oktyabr
“AZERRAIL” - “Gənclər” 3:0 (25:17, 25:11, 25:16)
“ORDU” - “Murov Az Terminal” 3:0 (25:20, 25:14, 25:20)