BAKI, 19 iyun. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəsrə körfəzi ölkələrinə qarşı hücumlar həyata keçirmək üçün İraqda yeni gizli silahlı qruplar yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” səkkiz İraq mənbəsinə istinadla məlumat yayıb.

Mənbələr bildirib ki, qruplar aşkarlanmamaq üçün məlum silahlı şəbəkələrdən kənarda fəaliyyət göstərirlər.

Məlumata görə, belə üç-dörd qrup 11 aprel - 17 may tarixləri arasında Bəsrə və Səmava ətrafındakı səhralıq ərazilərdən Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı ən azı yeddi dron hücumu həyata keçirib.

Qeyd olunub ki, bu qrupların bir sıra üzvləri “İraq İslam Müqaviməti Cəbhəsi”ndən cəlb edilsə də, yeni qruplar silahlı təşkilatın komandanlıq strukturundan kənarda fəaliyyət göstərir və birbaşa SEPAH-la əlaqəlidir.

“Reuters”in mənbələri bildiriblər ki, bu qrupların yaradılması SEPAH-ın taktikasında və İranın regionda hərbi təsirini qorumağa yönəlmiş dəyişiklikdir. Dəyişiklik proksi qüvvələrin zəifləməsi və İranın hərbi-iqtisadi resurslarının azalması fonunda baş verir.