BAKI, 18 may. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrailin Aralıq dənizində Qəzza zolağına doğru hərəkət edən “Qlobal “Sumud” Donanması”nın gəmilərini ələ keçirmək cəhdlərini “piratçılıq” adlandırıb.

Teleqraf xəbər verir ki, açıqlamada İsrailin addımları qınanılıb.

“İsrail qüvvələrinin beynəlxalq sularda Qəzzaya humanitar yardım çatdırmaq üçün yaradılan “Qlobal “Sumud” Donanması”na qarşı hərəkətlərini pisləyirik. Bu, yeni piratçılıq aktıdır”, - XİN qeyd edib.

Nazirlik vurğulayıb ki, donanmada təxminən 40 ölkənin vətəndaşları var:

“İsrailin hücumları və qorxutma siyasəti heç bir şəkildə beynəlxalq ictimaiyyətin ədalət və Fələstin xalqı ilə həmrəylik axtarışına mane olmayacaq. İsrail dərhal düşmənçiliyi dayandırmalı və saxlanılan donanma üzvlərini qeyd-şərtsiz azad etməlidir”.

Bəyanatda əlavə edilib ki, Ankara Türkiyə vətəndaşlarının vətənlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin etmək üçün digər ölkələrlə əməkdaşlıq çərçivəsində lazımi tədbirləri görür: “Beynəlxalq ictimaiyyəti İsrailin qanunsuz hərəkətlərinə qarşı dərhal vahid və qətiyyətli mövqe tutmağa çağırırıq”.

“Ynet” bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin donanmanın gəmilərini İsrail sahillərindən yüzlərlə kilometr aralıda, beynəlxalq sularda dayandırmağa başladığı haqda məlumat yaymışdı. Agentliyin məlumatına görə, saxlanılan fəallar xüsusi “üzən həbsxana”ya köçürüləcək, daha sonra İsrailin Aşdod limanına aparılacaq.