BAKI, 13 aprel. TELEQRAF

“İsrailin Livandakı aqressiv hərəkətləri onun ekspansionist siyasətinin bir hissəsidir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“İsrailin Livanı işğal etməsi onun genişmiqyaslı ekspansionist siyasətinin bir hissəsidir. Bu addımlar regional münaqişəyə gətirib çıxara bilər”, - nazir qeyd edib.

Fidanın sözlərinə görə, Türkiyənin Qəzza zolağı, Livan və bütün regionla bağlı mövqeyi İsrailin siyasətinə ziddir və onu çətin vəziyyətə salır:

“İsrail düşmənsiz yaşaya bilməz. Gördüyümüz budur ki, təkcə (İsrail Baş naziri Benyamin) Netanyahu yox, həm də müxalifət nümayəndələri Türkiyəni yeni düşmən elan etməyə və bunu dövlət strategiyasına çevirməyə çalışırlar”.