BAKI, 14 yanvar. TELEQRAF
İsrail hökumətinin əsas təyyarəsi “Sionun Qanadı” ölkənin hava məkanını tərk edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Təyyarə İsrailin cənubunda yerləşən Nevatim hərbi aviabazasından havaya qalxaraq Aralıq dənizi istiqamətində hərəkət edib. Uçuşun səbəbləri açıqlanmır, İsrail Baş naziri Benyamin Netanyahunun mümkün xarici səfərləri barədə hələlik məlumat verilməyib.
“The Times of Israel” yazıb ki, bundan əvvəl də İrandan mümkün zərbələr gözlənilən vaxtlarda İsrailin hava məkanını tərk etmişdi. 2025-ci il iyunun 13-də İsrailin İrana zərbələr endirməyə başladığı gün təyyarə Ben-Qurion hava limanından havaya qalxaraq ölkə sərhədlərindən çıxmışdı. Bundan əvvəl isə aprelin 13-də İrandan gözlənilən raket hücumundan az əvvəl “Sionun Qanadı” Nevatim aviabazasını tərk etmişdi. Sonradan həmin aviabaza İranın zərbəsinə məruz qalmışdı.