BAKI, 8 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp “Rusiya ilə strateji sabitliyə” can atdığını bəyan etsə də, praktikada onun addımları Moskva ilə münasibətlərin kəskinləşməsinə gətirib çıxarır.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşr yazıb ki, bunun ən bariz nümunəsi ABŞ hərbçilərinin Şimali Atlantikdə Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirməsidir. Bu hadisə Trampın ikinci müddəti dövründə Rusiyaya qarşı həyata keçirilmiş ən təxribatçı əməliyyatlardan biri hesab olunur.
Vaşinqtonda rəsmi olaraq bildirilib ki, bu addım Venesuela neftinin ixracına tətbiq edilən sanksiyalar çərçivəsində atılıb və gəmi “dövlətsiz” elan edilib. Moskvada isə bunu açıq-aşkar təhqir kimi qəbul ediblər. Rusiyalı deputatı Leonid Slutski insidenti “XXI əsrin quldurluğu” adlandırıb.
Nəşrin qeyd etdiyinə görə, Tramp bir-biri ilə uzlaşmayan iki xətti birləşdirməyə çalışır: Vladimir Putinlə şəxsi razılaşmalar və ABŞ-nin qlobal hərbi üstünlüyünün nümayişi.
Kennan İnstitutunun direktoru Maykl Kimmec deyib: “Görünür, o, Putin üçün problemləri həll etməkdən daha çox onları artırır”.
Kremllə danışıqlara baxmayaraq, Tramp Ukrayna məsələsində güzəştə getməyib: ABŞ Kiyevlə kəşfiyyat məlumatlarını bölüşməyə davam edir, Avropa isə ABŞ-Avropa ziddiyyətləri fonunda öz müdafiə xərclərini daha da artırır ki, bu da Moskva üçün mənfi siqnaldır.
Vaşinqtonun Qərb yarımkürəsindəki xətti xüsusilə sərt olaraq qalır. ABŞ Venesuelada Rusiya təsirinə açıq şəkildə qarşı çıxır, ölkə hakimiyyətinə təzyiq göstərir və sanksiya altındakı dövlətlərin neft satmaq üçün istifadə etdiyi kölgə donanmasına zərbələr endirir. Rusiya bayrağı ilə üzən tankerin ələ keçirilməsi bu strategiyanın simvoluna çevrilib.
Kremlin reaksiyası təmkinli olub, Putindən hədə və kəskin bəyanatlar səslənməyib. Analitiklər hesab edirlər ki, Moskva Ukrayna ilə bağlı Trampla potensial razılaşma imkanlarını bağlamamaq üçün gərginliyi şüurlu şəkildə azaldır. Bununla yanaşı, bu insident Rusiyanın vəziyyətə güc yolu ilə təsir göstərmək imkanlarının məhdud olduğunu da üzə çıxarıb.
“Rusiya ancaq məcburetmə metodlarına arxalana bilməz. Ola bilsin, Tramp bunu göstərir”, - Kimmec vurğulayıb.