BAKI, 7 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffun Səudiyyə Ərəbistanı və Omanın vasitəçiliyi ilə İranla danışıqların bərpa olunması təklifini rədd edib, iqtisadi-hərbi təzyiqə əsaslanan hücum strategiyasını seçib.
Teleqraf xəbər verir ki, bu barədə “Israel Hayom” İranda davam edən etiraz aksiyaları barədə məqaləsində bildirib.
Nəşr yazıb ki, İranda hazırkı etiraz dalğasının yekun nəticəsini proqnozlaşdırmaq üçün hələ tez olsa da, İsrail ordusunun qənaətinə görə, Tehran bu durumda hücum etməyəcək.
Məqalədə İsrail Baş naziri Benyamin Netanyahunun Donald Trampla ümumi strateji məsələlər üzrə razılaşmasına da istinad olunub. Məlumata görə, ABŞ və İsrail liderləri Floridada keçirilən son görüşdə İrana qarşı hücum barədə şərti razılığa gəlib.
Nəşr qeyd edib ki, bu hücumun həyata keçirilməsi İranın nüvə proqramı üzrə hərtərəfli razılaşmaya razılıq verməməsi və bölgədəki proksi qüvvələrə dəstəyi dayandırmaması ilə bağlıdır.