BAKI, 6 yanvar. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahu İrana mesaj göndərərək, ölkəsinin hazırda müharibədə maraqlı olmadığı və Tehrana hücum etməyi planlaşdırmadığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin rəsmi yayım qurumu “Kan” məlumat yayıb.
Kanal diplomatik mənbələrə istinadla qeyd edib ki, mesaj yaxınlarda Rusiya Prezidenti Vladimir Putin vasitəsilə çatdırılıb. Netanyahu son həftələrdə Putinlə bir neçə telefon danışığı aparıb.
Mənbələrin sözlərinə görə, İsrail Tehranın hesablama səhvinə yol verərək, İsrailin hücumunun qaçılmaz olduğuna inanıb qabaqlayıcı zərbə endirməsindən ehtiyat edir. Netanyahunun mesajının məqsədi məhz bu ssenarinin qarşısını almaqdır.
Bununla belə, İsrail Baş naziri bu gün Knessetdə çıxışında xəbərdarlıq edib ki, İrandan istənilən hücumun ağır nəticələri olacaq.