BAKI, 31 dekabr. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu bazar ertəsi keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Trampla 2026-cı ildə İrana qarşı hərbi zərbələrin ikinci raundunun həyata keçirilməsi imkanını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadla “Kanal 12” (İsrail) məlumat yayıb.

Netanyahu Trampa 12 günlük müharibədən sonra İran rejiminin bərpa işləri ilə bağlı narahatlıqlarını çatdırıb və deyib ki, Tehranın nüvə və raket proqramlarını bərpa etməsinin qarşısını almaq üçün əlavə zərbələr zəruri ola bilər.

Ağ Ev görüşün məzmunu ilə bağlı şərh verməkdən çəkinsə də, bir amerikalı rəsmi İrana qarşı hərbi tədbirlərin görülməsi ehtimalının gündəmdə olduğunu təsdiqləyib.

O bildirib ki, Tramp İranın nüvə proqramını bərpa etmək cəhdinin qəti cavabla qarşılanacağını düşünür, həmçinin Tehranla yeni nüvə sazişinə nail olmağa çalışır.

Amerikalı rəsmi əlavə edib ki, Vaşinqton İranın nüvə proqramını bərpa etmək istiqamətində real addımlar atdığını görərsə, Tramp ikinci raund zərbələri dəstəkləməyə meylli ola bilər.