BAKI, 25 dekabr. TELEQRAF

“Son dövrdə İsrail, Yunanıstan və Cənubi Kiprin fəaliyyətləri, keçirdikləri üçtərəfli zirvədən sonra verilən açıqlamalar və zirvədə qəbul olunan qərarlar çərçivəsində ortaya qoyulan hərbi əməkdaşlıq təşəbbüslərini diqqətlə izləyirik. Müzakirə olunan təşəbbüsün hərbi baxımdan Türkiyəyə qarşı təhdid yaratması müzakirə mövzusu deyil”.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.

“Türkiyə bölgədə sabitliyin qorunması və dialoq mühitinin davam etdirilməsi üzrə qərarlılığını qoruyur. İsrailin Türkiyəyə yönəlmiş açıqlamaları və bölgədə gərginliyi artırmaq potensialı olan bəyanatları yerdəki reallıq və beynəlxalq hüquq baxımından heç bir təsirə malik deyil. Ölkəmiz NATO müttəfiqliyi prinsipləri əsasında Egey və Şərqi Aralıq dənizində konstruktiv dialoqu dəstəkləyir, amma (Yunanıstan tərəfindən) müttəfiqliyə zidd addımların yerdəki vəziyyəti dəyişdirə bilməyəcəyi də bilinməlidir”, - o bildirib.

Aktürk əlavə edib ki, Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyi və hüquqları ilə bağlı mövqeyi açıq və dəyişməzdir:

“Türkiyə qarant statusu çərçivəsində ona verilmiş səlahiyyətlərdən indiyə qədər geri çəkilmədiyi kimi, bundan sonra da geri çəkilməyəcək.

Nəticə olaraq, Egey və Şərqi Aralıq dənizində gərginliyi artıran tərəf Türkiyə deyil, birtərəfli addımlar və “oldu-bitdi” vəziyyəti yaratmağa yönəlmiş yanaşmalardır. Türkiyə bölgənin münaqişə zonasına çevrilməsindən yox, əməkdaşlıq və sabitlik bölgəsi kimi formalaşmasından yanadır”.