BAKI, 24 iyun. TELEQRAF
“İsrail və İran arasındakı atəşkəs daha pis müharibə ilə nəticələnəcək”.
Teleqraf xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman deyib.
“İranla atəşkəs sərt və acı yekun razılaşmadır. Aydın və birmənalı razılaşma olmadan, şübhəsiz ki, iki-üç ildən sonra və daha pis şərtlər altında başqa bir müharibə ilə nəticələnəcək”, - sabiq nazir vurğulayıb.
Liberman qeyd edib ki, İran öz təhlükəli məqsədlərindən vaz keçməyəcək:
“Dünya qeyd-şərtsiz kapitulyasiya əvəzinə çətin və yorucu danışıqlara girir, ayətullah rejimi İran torpaqlarında uranın zənginləşdirilməsindən, ballistik raketlərin istehsalı və təchiz edilməsindən, terrorizmə və regionda terrora dəstək verməkdən imtina etmək niyyətində deyil”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.