BAKI, 21 iyun. TELEQRAF

İranın Ali rəhbəri Əli Xamenei özündən sonra yerinə keçəcək varislərini müəyyən edib.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin “Nyu-York Tayms” nəşri yazıb.

“İsrailin hücumları fonunda təhlükəsizliyini təmin etmək üçün yeraltı bunkerdə yaşayan İranın Ali rəhbəri Əli Xamenei hazırkı komandirlərinin sıradan çıxarılacağı ehtimalına qarşı təkcə yüksək rütbəli hərbçilər yox, həm də din xadimləri arasında mümkün varislərinin adlarını çəkməyə başlayıb. Üç nüfuzlu din xadimi ali rəhbər vəzifəsinə potensial namizəd kimi müəyyən olunub”, - məlumatda deyilir.

Məlumata görə, Xamenei onun ölümünün ertəsi günü İrana rəhbərlik edəcək hərbi-dini komandanı tam formalaşdırıb. Hələlik İranın ali rəhbəri onun planlarının bütün sirlərinə bələd olan üç nüfuzlu din xadimini müəyyən edib.

NYT bildirir ki, 86 yaşlı Xamenei qeyri-adi bir qərar da qəbul edib:

“Bu qərara görə, hər hansı bir sui-qəsd və ya ölüm halında Dini Ekspertlər Şurası gələcək ali rəhbəri bu üç ad arasından seçməlidir. Bir qayda olaraq, yeni ali rəhbərin təyin edilməsi prosesi vəzifənin vacibliyinə görə diqqətli yoxlama və moderasiya ilə aylar çəkə bilər. Bununla belə, Xamenei hakimiyyətin sürətli və nizamlı şəkildə ötürülməsini təmin etməyi, çevriliş riskini minimuma endirməyi hədəfləyir”.

Namizədlərin adları açıqlanmasa da, İran liderinin ölümündən sonra onun yerinə namizəd kimi tez-tez adı çəkilən oğlu Müctəba Xameneinin onlardan biri olmadığı bildirilir.

“Iran İnternational” Təşkilatının bu həftənin əvvəlində verdiyi xəbərə görə, Xamenei və oğlu Müctəba İsrailin İran paytaxtına hücumlarına başladıqdan sonra Tehranın şimalındakı dağlıq ərazidə yerləşən bunkerə köçürülüb. Məlumatda həmçinin deyilir ki, Xameneinin bütün ailə üzvləri bunkerdə onunla birlikdədir.