BAKI, 14 may. TELEQRAF

Separatçı təşkilatın (PKK terror təşkilatı) özünü ləğv etdiyini elan etməsi ilə “Terrorsuz Türkiyə” prosesində yeni mərhələyə qədəm qoyduq.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Separatçı təşkilatın özünü ləğv etdiyini elan etməsi ilə “Terrorsuz Türkiyə” prosesində yeni mərhələyə qədəm qoyduq. Bu mərhələ birliyimizi, bərabərliyimizi, qardaşlığımızı inkişaf etdirmək, birgə gələcəyə doğru yürüş mərhələsidir. Bu mərhələdə birliyimizi gücləndirəcək terror divarlarını yıxacağıq”, - dövlət başçısı bildirib.

Türkiyə Prezidenti əlavə edib:

“Terror təkcə xalqımıza deyil, iqtisadiyyatımıza da böyük zərbə vurub.

Terror probleminin həll olunduğunu görməkdən məmnunuq. Gözəl bir söz var: sınanmadığın bir günahdan məsum deyilsən. Biz millət olaraq terrorla sınandıq, bədəlini ödədik, dərs aldıq və bu bəladan xilas olmaq mərhələsinə gəldik.

Ümid edirik ki, Türkiyənin adı terrorla deyil, texnologiya, mədəniyyət, incəsənət və yüksəlişlə yadda qalacaq. Çatdığımız məqam önəmli bir uğurdursa, bunun müəllifi 86 milyon insanın hamısıdır. MHP sədri Dövlət Baxçalıya “Terrorsuz Türkiyə” hədəfini bu günə çatdırdığı üçün təşəkkürümü bildirirəm. Başda mərhum Sırrı Sürəyya Öndər olmaqla prosesə böyük dəstək verən, məsuliyyətli davranan hər kəsə millətim adından təşəkkür edirəm. Cənab Özəl (CHP sədri Özgür Özəl) və digər partiya liderlərinə konstruktiv münasibətinə görə təşəkkürümü bildirirəm”.

Prezident Ərdoğan terror təşkilatının ləğvindən sonrakı proseslərə Milli Kəşfiyyat Təşkilatının nəzarət edəcəyini bildirib:

“Milli Kəşfiyyat Təşkilatı qərarın yerinə yetirilib-yetirilməməsinə diqqətlə nəzarət edəcək. Təşkilat sözünün üstündə dursa, qalanı siyasətin işidir”.