BAKI, 8 aprel. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə obyektlərinin ABŞ-nin nəzarəti altında məhv edilmədiyi təqdirdə hərbi variantın gündəmdə olacağını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Vaşinqtona rəsmi səfəri zamanı videomüraciət yayıb və İranın nüvə silahına malik olmayacağını vurğulayıb.

Netanyahu bu məqsədin yalnız razılaşma yolu ilə deyil, həm də "hərbi seçimlər" vasitəsilə əldə edilə biləcəyini qeyd edib. O, ABŞ Prezidenti Donald Trampla İranın nüvə silahına malik olmaması mövzusunda həmfikir olduqlarını qeyd edib. Netanyahu istənilən mümkün razılaşmanın İranın nüvə obyektlərinin ABŞ nəzarəti altında tamamilə məhv edilməsini və avadanlıqlarının sökülməsini tələb edəcəyini bildirib.

Baş nazir söyləyib ki, əgər İranın nüvə obyektləri məhv edilməsə və ya Tehran ABŞ ilə danışıqları uzatsa, hərbi variant gündəmə gələcək.

Netanyahu, həmçinin Qəzza zolağında fələstinlilərin məcburi köçürülməsi planına toxunub və bu məsələni ABŞ Prezidenti Trampla görüşündə müzakirə etdiklərini bildirib. O, Qəzzada insanların məcburi köçkünlüyünü ehtiva edən planın bir hissəsi olaraq bəzi ölkələrlə danışıqlar apardıqlarını iddia edib və Trampın elan etdiyi planın gec-tez həyata keçirilməli olduğunu vurğulayıb.