
BAKI, 14 mart. TELEQRAF
Dünyanın müxtəlif ölkələrindən olan 85 Nobel mükafatçısı, Tehranın Evin həbsxanasında saxlanılan 2023-cü il Nobel Sülh Mükafatının laureatı güneyli azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin azad edilməsini tələb ediblər.
Teleqraf xəbər verir ki, bu, Nobel mükafatçılarının yaydığı birgə bəyanatda tələb edilib.
Bəyanatda Nərgiz Məhəmmədinin tibbi məzuniyyətdə olmasına və onun yenidən həbsxanaya qaytarılması cəhdlərinə toxunulub və hüquq müdafiəçisinin barəsində irəli sürülən ittihamların ləğv edilməsi və qeyd-şərtsiz azad olunması tələb olunub.
Bəyanatı imzalayanlar Məhəmmədi ilə yanaşı, İran həbsxanalarında saxlanılan bütün siyasi məhbusların azad edilməsinin də vacibliyini bildiriblər.
Qeyd edək ki, 2023-cü il Nobel Sülh Mükafatı laureatı 52 yaşlı zəncanlı Nərgiz Məhəmmədi, son dəfə 2021-ci ilin noyabrında həbs edilib və müxtəlif ittihamlara görə 12 il 9 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
O, bir neçə həftə əvvəl səhhətində olan problemlərə görə tibbi məzuniyyətə buraxılıb.
Qeyd edək ki, İran qanunlarına görə müalicəsi həbsxana şəraitində mümkün olmayan məhkumlara tibbi məzuniyyət verilir. Məhkumlar həmin məzuniyyət ərzində müalicə olunaraq yenidən cəzaçəkmə müəssisələrinə qayıdırlar.