
BAKI, 15 fevral. TELEQRAF
İran lazım olan anda Suriya ilə bağlı qərarını verəcək.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin Suriya üzrə xüsusi nümayəndəsi Məhəmmədrza Rauf Şeybani deyib.
"İran Dəməşqlə dolayı əlaqədədir, oradan bizə mesajlar gəlir. Suriyada baş verən hadisələri yaxından izləyirik və lazım olanda qərarımızı verəcəyik", - ölkə rəsmisi bildirib.
Şeybani həmçinin vurğulayıb ki, Suriyanın Yaxın Şərq regionunda xüsusi mövqeyi nəzərə alınaraq, İran bu ölkənin gələcəyi və taleyinin onun xalqı tərəfindən müəyyən olunacağına inanır:
“Suriyadakı bütün siyasi hərəkatlar bu məsələdə iştirak etməlidirlər. Əlbəttə, Suriyada sabitlik və sülh bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu ölkənin işlərinə hər hansı kənar müdaxilənin əleyhinəyik”.
Xatırladaq ki, ötən il dekabrın 8-də Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşqlə Tehran arasında diplomatik əlaqələr kəsilib.