
BAKI, 15 fevral. TELEQRAF
Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyadan hərbi dəstəyini geri çəkən İranın PKK terror təşkilatına yardımı artıracağı vədi verdiyi məlum olub. Türkiyənin regionda güclü aktor olmasından narahatlıq keçirən İran bölgədə aktiv mövqeyə malik Ankara ilə birbaşa üz-üzə gələ bilməz. Bu səbəbdən İran Türkiyəyə qarşı ən yaxşı alət olan PKK ilə əməkdaşlıq edir.
Teleqraf xəbər verir ki, bu barədə “Yeni Şafak” yazır.
Türkiyə nəşrinin təhlükəsizlik mənbələrindən əldə etdiyi məlumata görə, İran kəşfiyyatı və İnqilab Keşikçiləri Korpusu (SEPAH) Ankaranın Suriyadakı təsirini azaltmaq üçün hərəkətə keçib:
“İsrailə qarşı planlarının pozulmasına səbəb kimi Türkiyəni görən İranın Suriyada PKK ilə danışıqlar apardığı bildirilir. PKK-ya dəstəyini artıracağı vədini verən Tehranın İran daxilindəki terrorçulardan Türkiyədə hərəkətə keçmələrini istədiyi də məlum olub.
Suriyada PYD/YPG-nin yanında olacağına söz verən İranla PKK arasında gizli ittifaq qurulub. Amma YPG-nin bu ittifaqda ən böyük narahatlığının İranı düşmən kimi görən ABŞ olduğu qeyd edilir.
İran və YPG arasında müttəfiqlik danışıqları PKK-nın mərkəzi sayılan Süleymaniyyədə “Kürdüstan Vətənpərvərlər Birliyi” və Təlabani ailəsi tərəfindən gizli təşkil edildiyi bildirilir. Suriyadan çəkilmək məcburiyyətində qalan İranın PKK ilə Türkiyədən qisas almaq üçün təkcə planlar qurmaqla kifayətlənmədiyi də bəlli olub. Məlumata görə, Tehran İraqdakı türk hərbi bazalarını hədəfə almaq üçün öz yaraqlılarına göstəriş verib”.
Nəşr əlavə edir ki, Türkiyə İrandan gələ biləcək hər hansı təhdidi ciddi qəbul edərək, xarici ölkələrin Tehranla bağlı xəbərdarlıqları çərçivəsində tədbirlər görür.