BAKI, 27 avqust. TELEQRAF
“R.A. International General Trading” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, MMC tərəfindən 96786 ABŞ dolları məbləğində vəsait 2024-cü ildə xaricə köçürüb.
Lakin bundan 2 il müddət keçsə də, 96786 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal edilməyib, valyuta vəsaiti geri qaytarılmayıb.
Buna görə də Mərkəzi Bank tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 96786 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 19357 dollar miqdarında cərimə edilib.
Qərarda göstərilib ki, bu məbləğ 32907.24 manat müəyyən edilib.
Bundan başqa, sözügedən MMC bundan əvvəl də xaricə pul köçürmə ilə bağlı daha bir iş üzrə inzibati məsuliyyətə cəlb edilib.
Məlum olub ki, 2024-cü il tarixdə Azərbaycandan kənara qabaqcadan ödəniş etməklə köçürüb.
Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 107.952,16 dollar məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.
Məhkəmənin qərarı MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi həcmində - 21.590,43 dollar məbləğində cərimə olunub.
Qeyd edək ki, ötən il “R.A. International General Trading” MMC-nin ləğv prosesinə başlayıb və rəsmi olaraq fəaliyyətinə xitam verilib.
Yerli mətbuatın yazdığına görə, ləğv etmə dövründə şirkətin baş direktoru Səfərli Vasif Salman oğlu olub.
MMC-nin hazırda qanuni təmsilçisi Vəliyev Taleh Xalid oğlu göstərilir.
MMC-nin nizamnamə kapitalı 10 manat olub.
Əlavə edək ki, MMC 2022-ci ilin aprelin 1-də dövlət qeydiyyatına alınmışdı.