
Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan İlkin Hüseynovun cinayət işi üzrə proses başa çatıb. İttihama görə, Saatlı rayon sakini, 1971-ci il təvəllüdlü İlkin Hüseynov 2013-cü il fevralın əvvəllərində Qulamhüseyn Sadıqova tanışı Zahid Muxamedovu təqaüdə çıxartdıracağı vədi ilə aldadıb.
O, Qulamhüseyn Sadıqovdan Qara Nuru kəndində Zahid Muxamedova məxsus 2000 manat pulu alıb. Amma vədinə əməl etməyib və pulu mənimsəyib.
İlkin Hüseynov Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilib və Saatlı rayon məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib, həmçinin 2 min manat cərimə olunub. Hökmdən narazı qalan İlkin Hüseynov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçən prosesdə İlkin Hüseynov bildirib ki, birinci instansiya məhkəməsi onun barəsində ədalətsiz və qanunsuz qərar qəbul edib: “Dələduzluq cinayəti törətməmişəm. Həmin hadisəni Qulamhüseyn Sadıqov törədib, ilkin olaraq cinayət işi onun barəsində başlanıb. Sonradan məlum olmayan səbəbdən müstəntiq həmin şəxsi kənarda saxlayıb və məni törətmədiyim cinayət işinə görə məsuliyyətə cəlb edib. Həm ibtidai istintaqda, həm də məhkəmə baxışında Qulamhüseyn Sadıqov yalandan guya pulu mənə verdiyi qeyd edib.
Beləliklə, o özü cinayət məsuliyyətindən yaxa qurtarıb, məhkəmə isə qeyri-qanuni olaraq məni təqsirkar bilib. Eyni zamanda məhkəmə işimə baxarkən ağır xəstəliyimi, uzun müddət müalicə almağımı, ağır dərmanlar qəbul etməyimi və həmin dərmanların təsiri altında olmağımı nəzərə almayıb. Törətmədiyim cinayət işi barəsində etiraf ifadəmı alıblar. Həm istintaq zamanı, həm də birinci məhkəmə instansiyasında hüquqlarım kobud şəkildə pozulub".
İlkin Hüseynovun sözlərinə görə, Qulamhüseyn Sadıqovun tanışı Zahid Muxamedovu təqaüdə çıxartdırmaq vədi ilə 2000 manatını almayıb. Sadəcə, ibtidai istintaq zamanı müstəntiq onu aldadıb və etiraf ifadəsini imzalatdırıb: “Birinci instansiya məhkəməsində isə ifadə verərkən güclü dərmanların təsiri altında olmuşam”.
İlkin Hüseynov deyib ki, barəsində olan cinayət işinə ədalətli baxılmalıdır: “Mən günahsızam. Buna görə də barəmdə bəraət hökmü çıxarılmalıdır”.
Prokuror Səyavuş Sadıqov isə İlkin Hüseynovun apelyasiya şikayətinin dəlillərinin əsassız hesab. Prokurorun sözlərinə görə, onun əməlləri Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunub: “İlkin Hüseynov barəsində yüngülləşdirici hallar, onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanın ailəsinə təsirinin kifayət qədər nəzərə alınıb. Birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur”.
Prokurorun çıxışından sonra hakimlər İlkin Hüseynovun apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıblar.
Hacı Zeynalov