
Bakının Səbail rayonunda qətl hadisəsi törədən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Səbail RPİ 8-ci PB, Sabunçu RPİ 13-cü PB, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 16-da saat 19:10 radələrində Bibiheybət qəsəbəsində sərxoşluq zəminində 1991-ci il təvəllüdlü Elvin Hüseynlini bıçaqla qətlə yetirməkdə və bacısı 1982-ci il təvəllüdlü Türkan Hüseynliyə ağır bədən xəsarəti vurmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rasim Təmraz oğlu Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobillə müəyyən olunaraq tutulub.
Qeyd edək ki, Bakı şəhər sakini, 33 yaşlı Türkan Hüseynova və onun qardaşı 24 yaşlı Elvin Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Döş qəfəsindən 4 bıçaq zərbəsi alan Elvin Hüseynli xəstəxanaya çatdırılarkən yolda keçinib. Türkan Hüseynova isə xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra evə buraxılıb.
Araşdırmalar zamanı məlum olub ki, hadisəni Türkan Hüseynovanın tanışı, 1981-ci il təvəllüdlü Rasim Mustafayev törədib. Evdə heç kim olmadığı zaman Rasim Türkanın yaşadığı mənzilə gələrək orada gizlənib. Türkan, Elvin və anaları evə gələndə Rasim özü ilə gətirdiyi bıçaqla onları vurub və qaçıb.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Hacı Zeynalov