
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan İran vətəndaşı, 1981-ci il təvəllüdlü Şirin Məcid Əsədullanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən il aprel ayının 1-də Yasamal Rayon Polis İdarəsinin narkotiklərə qarşı mübarizə şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirin Məcid Əsədullanın üzərindən 990 qram tiryək aşkar olunaraq götürülüb. İran vətəndaşının narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirdiyi məlum olub. Şirin Məcid Əsədulla İranın “Orkide-1 EBBH-4” gəmisinin kapitan köməkçisi vəzifəsində çalışıb.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Şirin Məcid Əsədullanın anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı fevralın 11-nə təyin edilib.
Hacı Zeynalov