
"Cinayət baş verəndə xəstəxanada olmuşam"
Şirvan Apelyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Fikrət Quliyev, Şirin İsayev, Röyal Əmənov, Zahid Süleymanov, Şamil Mehdiyev, Şahlar Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
İttihama görə, Fikrət Quliyev, Şirin İsayev və onun qohumu Şahlar Əhmədov mütəşəkkil dəstə yaradıb, 17 dekabr 2012-ci il tarixdə gecə saat 03.00-da Salyan şəhəri, M.Ə.Sabir küçəsində Oqtay Kazımova məxsus ərzaq mağazasından oğurluq etmək qərarına gəliblər.
Aralarında apardıqları iş bölgüsünə əsasən, Şahlar Əhmədov mağazanın yaxınlığında pusquda durub, Şirin İsayev isə özü ilə gətirdiyi kəlbətinlə mağazanın qapısının qıfılını sındırıb. Bundan sonra Fikrət Quliyev və Şirin İsayev mağazaya girərək pul, içki, ərzaq götürüblər. Onlar Oqtay Kazımova ümumilikdə 600 manat məbləğində ziyan vurublar.
Mütəşəkkil dəstə 2013-cü ili fevralın 9-da, gecə 1-in yarısında Salyan şəhərində Məmmədsadıq Nəcəfovun evinə giriblər. Dəstə üzvləri yataq otağında olan Məmmədsadıq Nəcəfovla arvadı Gülşən Nəcəfovanı bıçaqla hədələyərək pul tələb ediblər. Onlar Məmmədsadıq Nəcəfova məxsus şalvarın cibindən 500 manatı götürərək evi tərk ediblər.
İstintaq sənədlərinə görə, dəstə üzvləri ədigər mağaza və evlərdən də oğurluq ediblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fikrət Quliyev 10 il, Şirin İsayev 9 il, Röyal Əmənov 8 il 6 ay, Zahid Süleymanov 6 il 6 ay, Şamil Mehdiyev 3 il, Şahlar Əhmədov 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan Röyal Əmənovun vəkili Rövşən Qasımov apelyasiya şikayəti verərək müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxslər də apelyasiya şikayəti veriblər. Tərəflərin şikayəti araşdırılması üçün cinayət işinin materialları Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Etibar Camalovun sədrliyi ilə keçən prosesdə Röyal Əmənovun vəkili Rövşən Qasımov bildirib ki, müdafiə etdiyi şəxsin oğurluqdan xəbəri olmayıb: “Hadisə vaxtı, yəni 9 fevral 2013-cü il tarixdə Röyal Əmənov ümumiyyətlə, xəstəliyi ilə əlaqədar müalicədə olub. Yalnız Şirin İsayev Röyala zəng edib və onunla danışıb. Ali məktəbdə təhsil alan Röyal heç bir cinayətdə iştirak etmədiyi və heç bir günahı olmadığı halda həbsə alınıb. Röyal Əmənov istintaq zamanı etirafedici ifadənin ondan fiziki və psixoloji zor tətbiq edilərək alındığını bildirib, məhkəmədə ifadəni təsdiq etməyib”.
Digər vəkillər də müdafiə etdikləri təqsirləndirilən şəxslər barəsində yüngül cəza istəyiblər.
Röyal Əmənov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, qeyd edib ki, fevralın 4-dən 14-dək olan müddətdə Şirvan şəhər Mərkəzi Xəstəxanasında stasionar müalicədə olub.
Zahid Süleymanov bildirib ki, barəsində daha yüngül cəzanın təyin olunması üçün əsaslar var. Digər təqsirləndirilən Şahlar Əhmədov ittiham üzrə özünü qismən təqsirli bilib. Cinayəti törətdiyini etiraf edən Şahlar Əhmədov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi ilə cəza xahiş edib.
Prokuror Ədalət Əzimov bildirib ki, müdafiə tərəfinin apelyasiya şikayətlərinin dəlilləri əsassızdır.
Prokurorun sözlərinə görə, birinci instansiya məhkəməsi işi tam araşdıraraq qanuni və ədalətli cəza təyin edib. Prokuror çıxışının sonunda müdafiə tərəfinin apelyasiya şikayətlərinin təmin edilməməsini tələb edib.
Tərəflərin fikirlərini öyrənən hakimlər sonda qərarı açıqlayıblar. Qərara görə, Şahlar Əhmədovun vəkili Ulduzə Əhmədovanın apelyasiya şikayəti təmin edilib. Şahlar Əhmədov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və onun cəzası şərti hesab edilib. Şərti cəza alan Şahlar Əhmədov dərhal məhkəmə zalından azadlığa buraxılıb.
Digər təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.
Hacı Zeynalov