Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Vahid Allahverdiyev, Cavid Əliyev, Elman Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin mayında Binəqədi rayon sakini Cavahir Əmrullayeva mənzilindən 10 min manat dəyərində olan qızıl oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları mənzildən 10000 manat dəyərində qızıl əşyaları oğurlayan Vahid Allahverdiyevi tutublar. O, oğurluq etdiyini etiraf edib. Istintaq dövründə onunla birlikdə oğurluq etməkdə şübhəli bilinən Cavid Əliyev və Elman Səfərov da həbs edilib.

İstintaq dövründə dəstə üzvləri həmin ilin avqustun 5-də M.Cəlal küçəsində yaşayan İlqar Paşayevin mənzilindən eyvandan keçməklə bijuteriya oğurlamaları da üzə çıxıb.

Hakim Fikrət Qərobovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 13-nə təyin olunub.

Hacı Zeynalov