BAKI, 14 noyabr. TELEQRAF

Qazaxıstan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyətinin daha da gücləndirilməsinə dəstək verməyə hazır olduğunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi AQEM-in yeni baş katibi Sultan Hacıyevlə görüşüb.

Görüşdə oktyabrın 15-də Bakıda keçirilən AQEM-in VII Zirvə toplantısının nəticələri müzakirə olunub. Təşkilatın qarşısında duran cari vəzifələr və gələcək inkişaf istiqamətləri də nəzərdən keçirilib.

Tərəflər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin zirvə toplantısında irəli sürdüyü təşəbbüslərin həyata keçirilməsinə diqqət ayırıblar. Bu təşəbbüslər preventiv diplomatiya, nəqliyyat əlaqələri, süni intellekt, su təhlükəsizliyi və insan kapitalının inkişafını əhatə edir.

Muxtar Tleuberdi Qazaxıstanın təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılmasında maraqlı olduğunu vurğulayıb.

O, zirvə toplantısında qəbul edilən qərarların ardıcıl icrasının və Katibliyin potensialının gücləndirilməsinin vacibliyini qeyd edib.

Nazir yeni baş katibə qarşıya qoyulan vəzifələrin icrasında lazımi dəstəyin göstəriləcəyini bildirib.

Görüşün sonunda tərəflər işgüzar dialoqu davam etdirmək və üzv dövlətlərin ümumi maraqlarına cavab verən praktiki təşəbbüslərin irəlilədilməsi istiqamətində səyləri birləşdirmək barədə razılığa gəliblər.