BAKI, 13 noyabr. TELEQRAF
Avropa Siyasi Birliyinin məqsədləri və məramları bəllidir. Bu platforma Avropa qitəsi qarşısında duran çağırışların həll edilməsi və Avropa ölkələrinin maraqlarının təmin edilməsi baxımından vacibdir.
Bu fikirləri Teleqraf-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, Dublində Avropa İttifaqına üzv ölkələrin sayından iki dəfə çox liderin iştirakı təsadüfi deyil: "Avropa İttifaqının bu gün bir sıra siyasi, iqtisadi və təhlükəsizlik sahəsində çağırışları var. Xoş haldır ki, coğrafi cəhətdən kiçik Azərbaycan böyük Avropanın siyasi və iqtisadi proseslərində əhəmiyyətli yer tutur".
Politoloq qeyd edib ki, Azərbaycan Avropa İttifaqının və ümumilikdə Avropanın iqtisadi, nəqliyyat təhlükəsizliyində artıq aparıcı rol oynayır: "Əvvəllər Azərbaycanla Avropa arasında ənənəvi enerji ilə bağlı strateji münasibətlərə şahidlik edirdiksə, bu gün yaşıl enerji, külək və günəş enerjisi, digər bərpa olunan enerji istiqamətlərində də ciddi əməkdaşlıq başlayıb. Məqsəd Mərkəzi Asiya, Xəzər, Azərbaycan və Avropa arasında bərpa olunan enerji qovşağı yaratmaqdır. Bu, ənənəvi enerjidən sonra Azərbaycan üçün böyük nailiyyət olar. Avropanın da buna ehtiyacı var, çünki Avropa 2030-cu ildən sonra yaşıl enerjini əsas xətt kimi görür".
Z.Məmmədov əlavə edib ki, bu əməkdaşlıq həm də Azərbaycana qarşı bəzi Avropa ölkələri və qrupları tərəfindən aparılan çirkab kampaniyaların neytrallaşdırılması üçün vacibdir: "Prezidentin Dublin səfəri və 2022-ci ildən başlayan bütün görüşlərdə iştirakı bir daha göstərir ki, təxribatçı qruplar öz məqsədlərinə çata bilməyəcəklər. Güclü Azərbaycanla Avropa siyasi-iqtisadi münasibətlərini davam etdirəcək. Dublin səfəri çərçivəsində keçirilən ikitərəfli görüşlər də Azərbaycanın nə qədər vacib olduğunu göstərir: Həmin görüşlər əsasən liderlərin müraciəti ilə baş verib. Bu, ölkəmizin nə qədər lazımlı olduğunu göstərir. Yeni dəyişən dünya nizamında Azərbaycanın yeri və rolu daha da artır və bundan sonra da belə davam edəcək".