BAKI, 27 oktyabr. TELEQRAF

Pakistanın Bakıdakı səfirliyində “Kəşmirin Qara Günü” qeyd edilib.

Teleqraf xəbər verir ki, tədbir 1947-ci il oktyabrın 27-də Hindistan qoşunlarının Şrinakar şəhərinə daxil olaraq Cammu və Kəşmiri əhalinin iradəsinə zidd şəkildə zorla işğal etməsinin ildönümünə həsr olunub.

Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri, beyin mərkəzlərinin təmsilçiləri, media nümayəndələri, Pakistan icmasının üzvləri, azərbaycanlı ziyalılar və tələbələr iştirak ediblər.

Tədbir zamanı Pakistan Prezidenti Asif Əli Zərdarinin, Baş nazir Məhəmməd Şahbaz Şərifin, eləcə də Baş nazirin müavini və xarici işlər naziri Zati-aliləri Məhəmməd İshaq Darın müraciətləri səsləndirilib.

Pakistanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Sara İjaz çıxışında Pakistanın Kəşmir xalqı ilə sarsılmaz həmrəyliyini və onların ayrılmaz öz müqəddəratını təyin etmək hüququna dəstəyini bir daha vurğulayıb. O, Cammu və Kəşmir ərazisində davam edən insan hüquqları pozuntularına diqqət çəkib.

O, Azərbaycanın Cammu və Kəşmir məsələsinə dair prinsipial və ardıcıl dəstəyini yüksək qiymətləndirib.

Cammu və Kəşmir ərazisindəki insan hüquqları vəziyyətini əks etdirən foto sərgi də təşkil olunub.

Pakistan icmasının üzvləri, Azərbaycan ziyalıları, tələbələr və Pakistanın azərbaycanlı dostları Kəşmir xalqı ilə həmrəyliklərini ifadə ediblər.