BAKI, 27 oktyabr. TELEQRAF
Azərbaycana ev sahibliyi və qonaqpərvərliyə görə təşəkkür edirəm.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin mədəniyyət nazirinin müavini Coşkun Yılmaz VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində Bakıda keçirilən “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusunda xüsusi birgə sessiyada deyib.
O, çıxışında mədəniyyətlərarası dialoqun bütün bəşəriyyət üçün mühüm əhəmiyyət daşıdığını bildirib: "Mədəniyyətlərarası dialoq azlıqların hüquqlarının qorunması və İslamofobiya ilə mübarizə baxımından da vacibdir".
Nazir müavini hazırda bəşəriyyətin misli görünməmiş inkişaf mərhələsindən keçdiyini, süni intellektin mədəniyyətlərarası dialoq sahəsində yeni öhdəliklər yaratdığını vurğulayıb.
O, texnologiyaların sürətli inkişafı fonunda mədəni irsin qorunmasının getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Coşkun Yılmaz süni intellektdən mədəni irsin və sənədlərin qorunmasında səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.