BAKI, 27 iyul. TELEQRAF

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Azərbaycanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsinin surəti qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir görüşdə bildirib ki, Özbəkistan və Azərbaycanı əsrlərə söykənən qardaşlıq əlaqələri, ortaq tarixi və mədəni köklər, eləcə də qarşılıqlı hörmət birləşdirir. Qeyd olunub ki, iki ölkənin liderləri arasında yüksək etimada əsaslanan yaxın münasibətlər bu möhkəm təməli bu gün strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yeni məzmunu ilə daha da zənginləşdirir.

Tərəflər siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsi, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, həmçinin nəqliyyat və logistika sahəsində birgə layihələrin irəli aparılması məsələlərini müzakirə ediblər.

Görüşdə vurğulanıb ki, səfir Rəşad Məmmədovun zəngin diplomatik təcrübəsi Özbəkistan-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə və ikitərəfli əməkdaşlığın yeni praktik nəticələrlə zənginləşdirilməsinə töhfə verəcək.