BAKI, 13 iyul. TELEQRAF

Cənubi Qafqazda geosiyasi reallıqlar dəyişib və regiona əvvəlki yanaşmalar artıq özünü doğrultmur.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.

Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda tamamilə yeni geosiyasi vəziyyət formalaşıb:

"Regionla bağlı köhnə siyasi və analitik yanaşmalar artıq köhnəlib və mövcud reallıqları əks etdirmir. Regionun gələcəyi hər bir ölkənin siyasi, iqtisadi və demoqrafik potensialı nəzərə alınmaqla qiymətləndirilməlidir. Cənubi Qafqaz dövlətləri geosiyasi qarşıdurmaların alətinə çevrilməməli, regional əməkdaşlıq prinsipləri əsasında fəaliyyət göstərməlidirlər".

İlham Əliyev bildirib ki, Azərbaycan hər zaman regional məsələlərin məhz region ölkələri tərəfindən həll edilməsinin tərəfdarı olub:

"3+3" regional əməkdaşlıq formatı bu baxımdan ən uyğun mexanizmlərdən biridir və regionun gələcək inkişafı üçün mühüm platforma hesab olunur. Regionda davamlı sülh və əməkdaşlıq yalnız yeni geosiyasi reallıqların qəbul edilməsi əsasında mümkündür".